Narkomaniya insanları vaxtsız ölümə məhkum edən və genefonda sarsıdıcı zərbə vuran ən dəhşətli bəladır. Uzun illərdir bəşəriyyət narkomaniyanın törətdiyi ağır fəsadlarla üzləşir. Son vaxtlar gənclərin narkomaniyaya meyllənməsi daha dəhşətli hal alıb. Bu faciənin qarşısını almaq respublikamızda əsas məsələ olmaqla, mütəmadi dövlət tərəfindən ciddi mübarizə tədbirləri aparılır. Təəssüflər olsun ki, yenə də narkomaniya cəmiyyət üçün ağır problem olaraq qalmaqdadır. Məhz buna görə də dövlət orqanları ilə bərabər, sağlam gələcəyini istəyən hər bir kəs bu bəlanın yox olmasından ötrü fəallıq göstərməlidir. Lerik rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa elə bu problemin qarşısını almaqdan ötrü gənclərdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, bu sahədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, həmçinin sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyırdı.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Mədəniyyət Mərkəzinin tərəfdaşlığı sayəsində baş tutan tədbirdə təşkilatçı idarənin əməkdaşları, Lerik rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Amil Kərimov, gənclər iştirak edirdilər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli mübarizə tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verən polis mayoru Amil Kərimov onu da bildirdi ki, hər bir ağıllı insan başa düşməlidir müasir dövrdə narkomaniya təkcə hüquq-mühafizə orqanların problemi deyil, səhiyyə, mədəniyyət, təhsil ocaqların, idman təşkilatların birgə fəaliyyəti başdan-başa faciə olan problemin qarşısını almağa qadirdir. Artıq 13-15 yaşlı uşaqların, yeniyetmələrin narkomaniyaya meyl göstərməsi bilinir. Gələcəyimizi təhlükəyə aparan bu halların qarşısını vaxtında almaq üçün təcili, təxirəsalınmaz tədbirlərin görülməsi çox vacibdir. Həmçinin bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifədən və statusundan asılı olmayaraq hər kəsin vicdan işinə çevrilməlidir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən dəyirmi masada mövzu ilə bağlı gənclərin suallar da ətraflı cavablandırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü