12 sentyabr 2025 00:15
96

Gələcəyimizin dayaqları ticarət körpüləri üzərində yüksəlir

Azərbaycanın regional və qlobal iqtisadi imkanlarını artıran layihələr, yeni əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər ölkənin beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edir. Son illərdə həyata keçirilən nəhəng nəqliyyat-logistika layihələri, enerji sahəsində diversifikasiya və yaşıl iqtisadiyyata keçid təşəbbüsləri Azərbaycanın regional tranzit mərkəzi rolunu möhkəmləndirib. Eyni zamanda, Azərbaycanın müxtəlif beynəlxalq iqtisadi platformalarla əməkdaşlığı, birgə sərmayə layihələrinə qatılması və ticarət əlaqələrinin genişləndirilməsi ölkənin iqtisadi xəritədə strateji mövqeyini daha da önə çıxarır. Bu inkişaf xətti qarşıdakı illərdə daha geniş iqtisadi perspektivlər və dayanıqlı əməkdaşlıq imkanları vəd edir.

İqtisadçı Fuad İbrahimov “İki sahil” TV-yə müsahibəsində Azərbaycanın regional və qlobal iqtisadi imkanlarının genişlənməsi, həyata keçirilən strateji layihələrin əhəmiyyəti, yeni əməkdaşlıq formatları və gələcək perspektivlər barədə ətraflı məlumat verib.

- “Bir kəmər, bir yol layihəsi” və Trans-Xəzər marşrutu çərçivəsində əməkdaşlıq Azərbaycanın regional və qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsinə hansı iqtisadi üstünlükləri qazandıra bilər?

- “Bir kəmər, bir yol” təşəbbüsü və Trans-Xəzər marşrutu (Orta Dəhliz) çərçivəsində həyata keçirilən əməkdaşlıq Azərbaycanın regional və qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm iqtisadi üstünlüklər qazandırır. Bu layihələr ölkənin geostrateji mövqeyini daha da gücləndirməklə, onu Avropa ilə Asiya arasında mühüm tranzit dəhlizinə çevirir. Bu təşəbbüslər sayəsində Azərbaycanın tranzit imkanları genişlənir, yeni ticarət yolları formalaşır və ölkə ərazisindən keçən yükdaşımaların həcmi ildən-ilə artır. Bu isə həm tranzit gəlirlərinin artmasına, həm də logistika, xidmət və nəqliyyat sektorunda yeni iş yerlərinin yaradılmasına səbəb olur. Eyni zamanda, bu layihə ticarət dövriyyəsinin çoxalması və beynəlxalq sərmayələrin artması baxımından da əlverişli zəmin yaradır.

Çin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) arasında əməkdaşlığın sürətlə inkişaf etməsinə xüsusi önəm verir. Bu ilin ilk yeddi ayı ərzində Çindən Azərbaycana 225 blok qatar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. İlin sonunadək bu göstəricinin 400-dən çox olacağı gözlənilir.

Bununla yanaşı, ilin əvvəlindən etibarən Pekin və Çinin Şanşi, Quanqdun və Çjetszyan vilayətlərindən Trans-Xəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşımaları uğurla həyata keçirilib. İki ölkə arasında yaşıl energetika sahəsində əməkdaşlıq da dinamik inkişaf edir. Çin texnologiyaları və avadanlıqları Azərbaycanda yaşıl inkişaf layihələrinin reallaşmasına töhfə verir. Xüsusilə bu ilin iyun ayında istifadəyə verilən, Azərbaycanın ən böyük elektrik stansiyası olan “8 Noyabr” layihəsində Çin şirkətləri fəal iştirak ediblər. Stansiyanın açılışında Prezident İlham Əliyev Çin şirkətlərinin layihəyə verdiyi dəstəyi yüksək qiymətləndirərək bu əməkdaşlığı beynəlxalq tərəfdaşlıq üçün nümunə adlandırıb.

- Regional nəqliyyat layihələrinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması Azərbaycanın ixrac imkanlarını və tranzit gəlirlərini hansı səviyyədə artıracaq?

- Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq. Bu dəhliz xüsusilə Orta Asiya, Türkiyə və Avropa ilə iqtisadi əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək. Yeni marşrut vasitəsilə Azərbaycan ixrac potensialını artıraraq daha geniş bazarlara çıxış əldə edəcək. Eyni zamanda, dəhlizin açılması ölkənin nəqliyyat və enerji infrastrukturunun inkişafına mühüm təkan verəcək. Bu da Azərbaycanın enerji ixrac imkanlarını genişləndirərək regional enerji təhlükəsizliyinə töhfə verəcək.

Kommunikasiya xətlərinin bərpası bölgədə qarşılıqlı etimadın güclənməsinə və regional əməkdaşlığın artmasına zəmin yaradacaq. Zəngəzur dəhlizi sayəsində Azərbaycan əsas tranzit ölkələrdən birinə çevrilir. Bu, yükdaşıma potensialının genişlənməsinə, nəqliyyat sektoruna yeni investisiyaların cəlb olunmasına və gəlir mənbələrinin artmasına şərait yaradaraq yükdaşımaların çoxalması gömrük və nəqliyyat rüsumlarından əldə olunan gəlirlərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Eyni zamanda, müasir texnologiyalara əsaslanan nəqliyyat və logistika sahəsində yeni müəssisələrin yaradılması gözlənilir. Türkiyə və Orta Asiya ilə birbaşa bağlantı, ixracatçılara məhsullarını daha sürətli və sərfəli şəkildə çatdırmaq imkanı yaradacaq. Logistika xərclərinin azalması və marşrutun qısalması məhsulların bazarda rəqabət qabiliyyətini artırır. Müasir nəqliyyat xətləri yük və sərnişin daşımalarını daha rahat və effektiv edir. Beynəlxalq və regional layihələrə yatırılan sərmayələr artır, yeni iş yerləri açılır. Zəngəzur dəhlizi Azərbaycanı Cənubi Qafqaz, Türkiyə, Orta Asiya və Avropa ilə daha güclü iqtisadi əməkdaşlığa aparır.

- Enerji sahəsində Türkiyə ilə əməkdaşlıq və yeni marşrutların formalaşması Azərbaycanın Avropa və Asiya bazarlarında mövqelərinə hansı əlavə üstünlüklər qazandıra bilər?

- Son illərdə Azərbaycan ilə Türkiyə arasında münasibətlər, xüsusilə enerji sahəsindəki əməkdaşlıq, regionun və Avropanın gələcəyini formalaşdıran strateji tərəfdaşlığa çevrilib. “Bir millət, iki dövlət” prinsiplərinə söykənən və liderlərin qarşılıqlı etimadla həyata keçirdiyi siyasət sayəsində iki qardaş ölkə arasında əlaqələr tarixdə görünməmiş səviyyəyə yüksəlib. Bakı-Tbilisi-Ceyhan, TANAP, STAR kimi böyük enerji layihələri ilə yanaşı, “yaşıl enerji” və yeni qaz ixrac istiqamətlərini əhatə edən bu əməkdaşlıq daim genişlənir və yeni məzmun qazanır. Tarixi və mədəni bağlardan güc alan Azərbaycan-Türkiyə tərəfdaşlığı enerji sahəsində qlobal miqyasda strateji nümunəyə çevrilib. Bu münasibətlər təkcə regionun geosiyasi düzəninə təsir göstərmir, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Sevindirici haldır ki, son illərdə yüksək inkişaf yolu keçən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) artıq dünyada fəal və nüfuzlu investor kimi tanınır. SOCAR hazırda Türkiyənin enerji sektorundakı ən böyük xarici investor statusuna malikdir. Qardaş ölkənin Əliğa bölgəsində istifadəyə verilmiş STAR Neft Emalı Zavodu isə SOCAR-ın xaricdə həyata keçirdiyi ən iri layihələrdən biridir. Bu zavod Türkiyənin daxili enerji tələbatının qarşılanmasında mühüm rol oynayır və iki ölkə arasında sənaye sahəsində inteqrasiyanı daha da möhkəmləndirir.

2024-cü ildən etibarən Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi, eləcə də Azərbaycanın qazının Suriyaya ixracı bu əməkdaşlığın əhatə dairəsinin genişləndiyini göstərir. Paralel olaraq, “yaşıl enerji” sahəsində icra olunan birgə layihələr də müasir dövrün tələblərinə cavab verən əsas əməkdaşlıq istiqamətlərindən birinə çevrilib.

- Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycanın ümumi iqtisadi artımına və investisiya axınına necə təsir edəcək?

- İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, eləcə də yeni infrastrukturun qurulması prosesi hər keçən gün daha da sürətlənir. Minalardan təmizlənmiş ərazilərin həcmi artır, yaşayış və gündəlik həyat üçün zəruri olan obyektlər inşa edilir. Bununla yanaşı, kənd təsərrüfatı ilə bağlı yeni fəaliyyət sahələrinin, xidmət, ticarət, tikinti və nəqliyyat sektorlarına aid infrastrukturların yaradılması istiqamətində də məqsədyönlü işlər həyata keçirilir. İndiyədək görülən işlər göstərir ki, Azərbaycan erməni işğalı zamanı dağıdılmış şəhər və kəndlərini, həmçinin tarixi və dini-mədəni abidələrini yüksək səviyyədə bərpa etmək əzmindədir və bu imkanlara tam malikdir. Qarşıya qoyulan məqsədlər geniş spektrli sahələri əhatə edir. Bu gün azad olunmuş ərazilər artıq elektrik enerjisi ilə tam təchiz olunub, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji sisteminə qoşulub.

Böyük Qayıdış proqramı çərçivəsində aparılan məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz müsbət nəticələrini göstərir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən tikinti və infrastruktur layihələri bölgələrin sürətlə canlanmasına imkan yaradıb. Zəngilanın Ağalı kəndindən başlayan köç prosesi artıq digər azad olunmuş əraziləri də əhatə edir. Məcburi köçkünlər illər sonra doğma torpaqlarına sevinc və fərəh hissi ilə qayıdır, burada həyat yenidən qurulur. Qayıdan əhalidən başqa, bölgələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, mütəxəssislər və müxtəlif sahələrin işçiləri də burada məskunlaşıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır ki, bu da Böyük Qayıdışın artıq real mərhələyə keçdiyini təsdiqləyir.

-Ermənistanla sülh müqaviləsi imzalandığı təqdirdə, regionda sərhəd ticarəti və birgə iqtisadi layihələr hansı əlavə dividendlər qazandıra bilər?

-Bu ölkə ilə sülh müqaviləsinin imzalanması regionda sərhəd ticarətinin və birgə iqtisadi layihələrin inkişafı üçün geniş imkanlar açar. Sərhəd ticarətinin genişlənməsi yerli bizneslərin inkişafına təkan verərək, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir göstərər. Eyni zamanda, birgə iqtisadi layihələr, xüsusilə nəqliyyat-logistika, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlıq, regionun iqtisadi inteqrasiyasını gücləndirər və yeni iş yerlərinin yaradılmasına səbəb olar. Bundan əlavə, sülh müqaviləsi ticarət xərclərinin azalması və sərhəd prosedurlarının sadələşməsi ilə yükdaşıma müddətini qısaldar, bu da məhsulların rəqabət qabiliyyətini artırar. Regionda dayanıqlı iqtisadi əməkdaşlıq uzunmüddətli sülh və sabitliyin təmin olunmasına, həmçinin xarici investisiyaların cəlb edilməsinə əlverişli mühit yaradacaq. Nəticədə, iqtisadi artım sürətlənəcək və əhalinin sosial rifahı yaxşılaşacaq. Belə  inteqrasiya təşəbbüsləri həm Azərbaycanın, həm də Ermənistanın inkişaf perspektivlərini gücləndirəcək, Cənubi Qafqazda sülh və sabitliyə təkan verəcəkdir.

-Beyin mərkəzləri formunun 13-cü toplantısı keçirilib. Bu forum Azərbaycanın qlobal iqtisadi trendlərə inteqrasiyasına və yeni iqtisadi strategiyaların formalaşdırılmasına necə təsir göstərə bilər?

-Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan Azərbaycan son illərdə ardıcıl şəkildə nüfuzlu beynəlxalq tədbirlərə və toplantılara yüksək səviyyədə ev sahibliyi edir. Dövlətin maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modeli və müasir çağırışlara çevik cavabvermə bacarığı ilə seçilən Azərbaycan, qlobal gündəmdə yer alan narahatlıq doğuran məsələlərlə bağlı beynəlxalq müzakirələrin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin təşkilində mühüm təcrübəyə malik bir mərkəz kimi tanınır. Paytaxt Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə keçirilən “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda ikigünlük forum da bu istiqamətdə keçirilən tədbirlərin davamıdır.

Bu gün Asiya, elm və texnologiya sahəsində artan nüfuzu ilə qlobal inkişafın aparıcı mərkəzlərindən birinə çevrilməkdədir. Dövlətlər arasında qarşılıqlı asılılığın artdığı bir dövrdə Asiya Qurumları Əməkdaşlıq Mexanizminin (AQEM) əhəmiyyəti daha da aydın şəkildə özünü göstərir. Bu platforma Asiya ölkələrinin strateji baxışlarını paylaşması və ortaq problemlərə birlikdə yanaşması üçün mühüm imkan yaradır. Asiyanın beynəlxalq arenada güclənən təsiri AQEM-in rolunu daha da aktuallaşdırır. Bu prosesdə regional sabitlik isə həlledici amil kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Forumun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirib: “Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların- təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır". Dövlət başçısının fikrincə, beyin mərkəzləri həm milli, həm də beynəlxalq miqyasda qərarların daha düzgün və effektiv qəbul edilməsinə töhfə verirlər. Bu kontekstdə AQEM çərçivəsində fəaliyyət göstərən beyin mərkəzlərinin əməkdaşlığı region ölkələri arasında qarşılıqlı anlaşmanı gücləndirir və regional inteqrasiyanın dərinləşməsinə zəmin yaradır.

Şəmsiyyə Əliqızı, “İki sahil”