Bu Asiya ölkəsi ötən il 3,58 trilyon dollarlıq ixrac məhsulları ilə dünya ticarətinin lokomotivinə çevrilib
Son bir neçə ildə Azərbaycanın ixrac potensialında Asiya ölkələrinin geniş yer tutması diqqət çəkir. İlk növbədə ona görə ki, ölkəmizdə qeyri- neft sektorunun inkişafı zərurət yaratdı ki, Asiya bazarlarında öz yerini möhkəmlətsin. Yəni, əgər bu gün Avropa Azərbaycanın neft və qaz məhsullarının ixracı üçün ən yaxşı bazardırsa, Asiya isə qeyri-neft sektorunun məhsulları üçün tələb duyulan bazardır. Xüsusilə indi Asiyanın həm ərazi, həm əhali sayına görə ən böyük, eyni zamanda, iqtisadi və hərbi qüdrətinə görə dünyada ikinci yerə sahiö olan Çin Xalq Respublikası özünün fövqəlgücünü və hegemonluğunu təsdiq edib. Belə bir ölkə ilə iqtisadi əməkdaşlıq ölkəmizə çox böyük iqtisadi və siyasi dividendlər gətirir.
Bəs Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı nəyə görə önəmlidir? Bu sualı cavablandırmaq üçün ilk növbədə bugünkü Çinin iqtisadi gücünə və hərbi -siyasi nüfuzuna nəzər salmaq lazımdır. Qeyd edək ki, son 20 ildə Çin iqtisadiyyatı yüksələn xətlə inkişaf edib. Ölkə hazırda dünya iqtisadiyyatının artımında önəmli rol oynayır. Sənaye istehsalının həcmi üzrə lider mövqedə olan Çin dünya istehsalının dörddən birini təmin edir. Xüsusilə ölkənin sosial-iqtisadi inkişafında orta sinif durmadan artır. Belə ki, hazırda ölkədə 900 milyon nəfərlik orta sinif mövcuddur və bu rəqəmin 2030-cu ilə qədər 1,2 milyarda çatacağı gözlənilir. Bu dinamika daxili tələbat bazarının sürətlə genişlənəcəyini təsdiq edir.
Asiyanın bu nəhəng ölkəsi həm də innovativ yenilikləri ilə öyünür. Son 20 ildə iqtisadi inkişafını daha çox sənaye istehsalı və texnologiya ixracı üzərində quraraq iqtisadi qüdrətini genişləndirib. Çin günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısına çevrilmiş, qlobal elektrikli avtomobil satışlarının 65 faizi məhz Çində istehsal edilib. Elmi araşdırmalara çəkilən xərclərə və uğurlu nəticələrə görə Çin ABŞ-dan sonra ikinci yerdədir. Həmçinin bu gün süni intellekt, biotexnologiya sahələrində də öndədir.
Çin son illərdə qlobal texnoloji liderliyini möhkəmləndirərək süni intellekt, elektrikli nəqliyyat, kvant hesablama, dron texnologiyaları və batareya istehsalı kimi sahələrdə üstün mövqeyə yüksəlmişdir. Avstraliyanın Strateji Siyasət İnstitutunun «Critical Technology Tracker» hesabatına görə, Çin 44 strateji texnologiyadan 37-də lider mövqedədir. Dünya Əqli Mülkiyyət Təşkilatının 2024-cü il hesabatında isə Çin dünya üzrə ən çox elmi-texnoloji klasterə sahib ölkə kimi təqdim olunur. Şençjen – Hon kong – Qvanjou, Pekin və Şanxay – Suçjou bölgələri bu baxımdan xüsusi önəm daşıyır. Bundan əlavə, Çin dünya üzrə ən çox patent müraciəti edən ölkədir ki, bu da Huawei və digər texnologiya nəhənglərinin qlobal rəqabət gücünü nümayiş etdirir.
Ən mühümü isə odur ki, Çin dünya ticarətinin lokomotividir. Ötən il ixrac etdiyi məhsulların həcmi 3,58 trilyon, idxalı isə 2,59 trilyon dollar olub. Bununla da bu ölkə ixrac və idxal üzrə ön yerlərdə qərarlaşıb. Məhz bu səbəbdən də Çinin milli pulu yuan dünyada ən çox istifadə olunan altıncı valyuta olmuşdur. Nəqliyyat sahəsində Çin 48 min kilometrdən çox uzunluğa malik sürətli dəmiryolu şəbəkəsi ilə dünya lideridir.
Azərbaycan və Çin arasında iqtisadi əlaqələr son illərdə sabit inkişaf və strateji dərinləşmə fonunda yüksələn xətlə inkişaf edir. 2024-cü ilin yekunlarına görə, ticarət dövriyyəsi təxminən 3,74 milyard ABŞ dolları təşkil etmiş və Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşmışdır. Bu gün Azərbaycan təbii resurslarda, Çin isə istehsal gücü və texnologiyada nisbi üstünlüyə malikdir. Ölkəmizin Çinə ixracı əsasən enerji və kimya məhsullarından ibarətdir. İdxal isə maşın-mexanika, elektronika və nəqliyyat vasitələridir.
Əlaqələrin digər strateji istiqaməti nəqliyyat və logistika sahəsidir. Çindən Azərbaycana daşınan yüklərin həcmi son ildə 86 faiz artaraq 378 min tona çatmışdır. Bu artım Azərbaycanın tranzit potensialının və beynəlxalq ticarətdə əlaqələndirici rolunun möhkəmləndiyini göstərir..
Prezident İlham Əliyevin strateji yanaşması əməkdaşlığın bir neçə istiqamətdə prioritetləşdirilməsini şərtləndirir. İlk olaraq, kapital axınlarının şaxələnməsi kənd təsərrüfatı, logistika, turizm və yüksək texnologiyalar üçün yeni maliyyə resurslarının yaranmasına imkan verir. Həmçinin Çin süni intellekt, 5G və yaşıl enerji texnologiyalarında lider mövqeyə sahib olaraq Azərbaycanın innovasiya yönümlü iqtisadi modelə keçidini sürətləndirir. Bu əməkdaşlıq ölkəni yalnız tranzit qovşağı deyil, həm də regionda «texnoloji meydan»a çevirə bilər.
Elçin Zaman, «İki sahil»