Uğurun ən möhkəm dayağı dürüst zəhmətdir, dopinq isə yalnız illüziya yaradır
Dopinqə qarşı mübarizə bu gün idman dünyasında yalnız qayda pozuntularının qarşısını almaq məqsədi daşımır. O, həm də sağlam həyat tərzinin, dürüst rəqabətin və idman etikasının qorunmasının əsas dayağıdır. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məhz bu prinsipləri rəhbər tutaraq idmanda şəffaflığı, bərabərliyi və sağlamlığı təmin edən kompleks sistem formalaşdırıb.
Agentliyin icraçı direktorunun müavini Rüfət Efendiyev bizimlə söhbətində AMADA-nın strateji missiyası, dopinq nəzarətinin müasir mexanizmləri, maarifləndirmə proqramları, texnologiya və süni intellektin tətbiqi, eləcə də beynəlxalq platformalarda Azərbaycanın artan nüfuzu məsələlərindən bəhs etdi.
-AMADA-nın əsas missiyası və gündəlik fəaliyyəti barədə oxuculara nə deyərdiniz? İdmançıların dopinqə qarşı qorunması necə təmin olunur?
-AMADA-nın missiyası təmiz idmanı qorumaq, idmançıların sağlamlığını və hüquqlarını müdafiə etmək, ədalətli rəqabəti təmin etməkdir. Fəaliyyətimiz riskə əsaslanan test planlaması və hədəfli testetmə, idmançı bioloji pasportunun fasiləsiz monitorinqi, terapevtik istisnaların obyektiv və vaxtında idarə edilməsi, həmçinin məlumatların məxfiliyinin qorunması kimi bir-birini tamamlayan proseslərdən ibarətdir. Bütün mexanizmlər Ümumdünya Antidopinq Agentliyinin (WADA) Məcəlləsi və Beynəlxalq Standartlara uyğun qurulub, nəticədə idmançı üçün şəffaf və təhlükəsiz mühit təmin edilir.
-Son illərdə Azərbaycanda dopinq hallarında artım, yoxsa azalma var?
-Rəqəmlər illər üzrə dəyişə bilər. Bəzən azalma, bəzən isə artım müşahidə olunur və bu, ümumi mənzərənin sabit olmadığını göstərir. Daha önəmli dəyişiklik isə pozuntuların strukturu ilə bağlıdır. Belə ki, bilərəkdən edilən qayda pozuntuları azalır, bilmədən — xüsusən də əlavələr və reseptli dərmanlar səbəbilə — yaranan risklər daha tez müəyyənləşdirilir. Bu nəticəyə maarifləndirməni kampaniya formatından çıxarıb sistemli proqram kimi qurmağımız, idman növlərinə uyğun risk kommunikasiya sessiyaları, mövsümöncəsi seminarlar və həkim-məşqçi qrupları üçün hədəfli təlimlər sayəsində nail olmuşuq. Test strategiyası da daha çevikdir: yarış təqvimi, performans dinamikası və göstəricilər birgə təhlil olunur və resurslar riskin daha yüksək olduğu sahələrə yönəldilir.
-İdmançılar və məşqçilər üçün ən çox rastgəlinən dopinq riskləri hansılardır?
-Əsas risklər nəzarətsiz dərman qəbulundan qaynaqlanır. Bəzi terapevtik preparatların tərkibi qadağan olunmuş maddələr siyahısına düşə bilər və Terapevtik İstifadə üçün İstisna (Tİİ) alınmadan istifadə edildikdə idmançı həm hüquqi, həm də tibbi baxımdan risk altına düşür. Əlavələrdə isə etiketlə real tərkib həmişə üst-üstə düşmür və kontaminasiya ehtimalı mövcuddur. Ona görə də hər hansı preparatı qəbul etməzdən əvvəl həkimlə və AMADA ilə məsləhətləşmək, yalnız etibarlı mənbələrə üstünlük vermək və “sürətli nəticə” vədlərinə tənqidi yanaşmaq ən doğru yoldur. Xüsusilə yarış və səfər ərəfəsində istifadə olunan dərmanların bir daha yoxlanması əlavə təhlükəsizlik tədbiridir.
-AMADA-nın maarifləndirmə və təlim sahəsində konkret addımları nələrdir?
-AMADA maarifləndirmə və təlim sahəsində idmançılar və idmançı köməkçi heyəti (İKH) üçün mütəmadi seminarlar və vebinarlar keçirir, regionlarda təbliğat və maarifləndirmə tədbirləri təşkil edir, həmçinin ADEL platforması vasitəsilə elektron öyrənmənin imkanlarını genişləndirərək təhsil prosesini rəqəmsal müstəviyə daşıyır. Bununla yanaşı, AMADA-nın beynəlxalq səviyyədə tanınan uğurlu təcrübələri mövcuddur. Qurumun maarifləndirici outreach təhsil proqramı Beynəlxalq Test Agentliyi (ITA) tərəfindən hazırlanmış “NOC Clean Sport Education Guide for Major Events” sənədində nümunə kimi təqdim olunub. Bu fakt AMADA-nın təmiz idman dəyərlərinin təbliğinə effektiv və innovativ yanaşmasının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
AMADA, həmçinin iNADO tərəfindən təşkil olunan beynəlxalq seminar və vebinarlarda fəal iştirak edir, Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) və digər antidopinq təşkilatları ilə birgə Data Analitikası üzrə İşçi Qrupunda (DAWG) süni intellektin antidopinq sahəsində tətbiqi üzrə qabaqcıl təcrübələrin paylaşılmasına töhfə verir. Bu fəaliyyətlər AMADA-nın həm yerli, həm də beynəlxalq səviyyədə təmiz idman mədəniyyətinin inkişafına, rəqəmsal innovasiyaların təhsildə tətbiqinə və bilik mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verdiyini nümayiş etdirir.
-Azərbaycan beynəlxalq standartlara necə uyğunlaşır?
-Fəaliyyətimiz WADA-nın Məcəlləsi və Beynəlxalq Standartlarına uyğundur. Məlumatlar ADAMS platformasında idarə olunur, nəticələrin idarə edilməsində müstəqillik və şəffaflıq prinsipinə, Tİİ prosesində obyektivlik və məxfilik tələblərinə ciddi riayət edirik. AMADA-nın beynəlxalq yarışlarda dopinq nəzarətini təşkil etməsi bu uyğunluğun praktik göstəricisidir. Bununla yanaşı, WADA, ITA, UKAD və Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) strukturları ilə əməkdaşlıq müasir təcrübələrin ölkə miqyasında daha sürətli tətbiqinə imkan yaradır.
-Dopinqin sağlamlığa təsiri barədə oxucu üçün ən kritik məqam nədir?
-Dopinq qısa müddətdə performans illüziyası yaratsa da, nəticəsi çox ağır olur: ürək-damar yüklənməsi, qaraciyər və böyrəklərin zədələnməsi, hormonal balansın pozulması, psixoloji asılılıq və hətta həyati təhlükə. Qələbə bir andır, sağlamlıq isə ömürlük məsuliyyət. Biz maarifləndirmədə təkcə qaydanı izah etmirik, riskin məntiqini də göstəririk ki, idmançı nədən qorunduğunu dəqiq bilsin.
-Son illərdə ən çətin və ya diqqətçəkən hallardan danışa bilərsinizmi?
-Açığı, ən çox rast gəldiyimiz məqam odur ki, idmançılar bəzən bilmədən qaydanı pozurlar. Çox vaxt onlar qəbul etdikləri qida əlavələrinin tərkibini tam araşdırmır və ya yanlış məsləhətlərə inanırlar. Yəni, məqsəd heç də qadağan edilmiş maddədən istifadə etmək olmur, sadəcə məlumat azlığı və səhv yönləndirmə nəticəsində belə xoşagəlməz situasiyalar ortaya çıxır. Hər belə hadisə sistemi daha da möhkəmləndirmək üçün fürsətdir. Biz əvvəlcədən maarifləndirmə tədbirləri həyata keçiririk, Tİİ qaydalarına riayəti, mövsümöncəsi riskli dövrlər üçün xüsusi tövsiyələri gücləndiririk. Federasiyaları məlumatlandıraraq eyni səhvlərin təkrarlanmasının qarşısını alırıq.
-AMADA texnologiya və innovasiyadan necə istifadə edir?
-Test planı məlumat analitikası əsasında formalaşır: idman növü, yarış təqvimi, fərdi performans göstəriciləri və məlumatlar birlikdə qiymətləndirilir. Bioloji pasport modulu daimi monitorinq imkanı verir və riskli dəyişiklikləri vaxtında üzə çıxarır. 2024-cü ildən etibarən rəqəmsal alətlərin və süni intellekt yanaşmalarının etik tətbiqi üzrə beynəlxalq müzakirələrdə daha fəal iştirak edirik, daxildə isə informasiya təhlükəsizliyi və əməliyyat prosedurlarını sərtləşdirmişik. Məqsədimiz sadədir: idmançıya düzgün zamanda, düzgün test.
-İdmançılara və ictimaiyyətə dopinqə qarşı davranış vərdişlərini formalaşdırmaq üçün nələri tövsiyə edərdiniz?
-Hər hansı dərman və ya əlavəni qəbul etməzdən əvvəl mütləq həkim və AMADA ilə məsləhətləşmək, Tİİ tələblərini vaxtında yerinə yetirmək, ADAMS öhdəliklərinə məsuliyyətlə yanaşmaq və sosial şəbəkələrdə “möcüzə” vədlərinə aldanmamaq lazımdır. Valideyn və məşqçilərə də çağırışım budur ki, gənc idmançıya doğru informasiya verib, gündəlik nəzarət etsinlər. Bu ən güclü qoruyucu mexanizmdir.
-Gələcək planlarınız və prioritetləriniz nələrdir?
-Yaxın dövr üçün dörd əsas istiqamətə fokuslanırıq. Birincisi, fəaliyyətimizin WADA-nın tələblərinə və beynəlxalq standartlara davamlı şəkildə uyğun təşkili. İkincisi, təhsildir. Elektron öyrənmə platformaları üçün yeni modullar hazırlanır, təsirin ölçüməsi genişləndirilir və federasiyalar üçün ehtiyaca uyğun, qısa, lakin mütəmadi təlim paketləri tətbiq olunur. Üçüncüsü, beynəlxalq əməkdaşlıqdır ki, Avropa Şurasının T-DO platformalarında aktiv iştirak, WADA və UNESCO ilə birgə layihələrin genişləndirilməsi, habelə Bakıda yüksək səviyyəli tədbirlərə ev sahibliyinin davam etdirilməsi əsas prioritetdir. Xüsusilə 18–19 mart 2026-cı ildə Bakıda keçiriləcək WADA Avropa Regional Simpoziumu həm 2026-cı ilin ən mühüm hadisələrindən biri olacaq, həm də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi üzrə regional müzakirələr üçün əsas platforma rolunu oynayacaq. Nəhayət, 2026–2030-cu illər üçün yeni strategiyanın hazırlanması üzərində işləyirik. Bu planlar WADA-nın 2025–2029 Strateji Çərçivəsində müəyyən etdiyi əsas prinsiplərlə – innovasiyanın təşviqi, idmançı mərkəzli yanaşma, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və qlobal antidopinq sistemində vahidliyin artırılması ilə üst-üstə düşür. Məqsədimiz yalnız uyğunluğu təmin etmək deyil, həm də bölgədə nümunəvi modellərdən birinə çevrilməkdir.
-Sizin şəxsi fəaliyyətiniz və nailiyyətləriniz kontekstində AMADA-nın beynəlxalq xəritədə yeri necə möhkəmlənir?
-Mənim vəzifəm daxildə idarəetmə və strateji inkişafın koordinasiyası, xaricdə isə elmi-siyasi müzakirələrdə Azərbaycanın mövqeyini təmsil etməkdir. Avropa Şurası çərçivəsində WADA üzrə Ad hoc Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçi kimi seçilməyim və “Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası” üzrə işçi qrupuna (T-DO GEMA) sədrlik etməyim təkcə şəxsi etimad deyil, həm də AMADA-nın və ölkəmizin artan nüfuzunun göstəricisidir. Data analitikası sahəsində beynəlxalq əməkdaşlıqlarımız, WADA və ITA ilə sıx işbirliyi və UKAD kimi qurumlarla təcrübə mübadiləsi AMADA-nın regionda koordinator rolunu daha da möhkəmləndirir. Akademik təcrübəm — demoqrafiya, əmək bazarı, gender, innovasiya və data analitikası — qərarların faktlara söykənməsinə xidmət edir və institusional etibarı artırır.
-Oxuculara yekun mesajınız?
-Təmiz idman yalnız idmançıya yox, bütöv bir cəmiyyətə gərəkdir. Bu dəyərləri qorumaq hər kəsin — idmançının, məşqçinin, həkimin, federasiyanın, valideynin və medianın üzərinə düşən böyük məsuliyyətdir. Kim sual vermək, məsləhət almaq, qaydanı dərindən öyrənmək istəyirsə, biz buradayıq. Çünki uğurun ən möhkəm dayağı dürüst zəhmətdir. Bizim missiyamız isə bu dəyəri — idmanın təmizliyini gələcək nəsillərə ötürməkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”