05 noyabr 2025 10:26
125

Prezident İlham Əliyev ana dilimizin himayəçisidir

Azərbaycan dilinin yad təsirlərdən qorunması və inkişafı bütün dövrlərdə dövlətin diqqətində olub. Ümummilli Liderimiz Heydər Əliyev dilimizi dövlətin rəmzlərindən biri kimi qəbul etmiş, onu sevmişdir. Biz Onun şair və yazıçılarla dilin saflığı və inkişafı barədə söhbətlərini, polemika apardığını çox görmüşük.

Prezident İlham Əliyev bu siyasətin davamçısı kimi böyük əhəmiyyətə malik  addımlar atıb. Dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubilileyi münasibətilə keçirilən yığıncaqdakı çıxışında deyib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.”

Bəli, dövlət başçımızın dediyi kimi, dilə yad ünsürlərin doldurulması milli kimliyimizə vurulan zərbədir. Unutmayaq ki, vaxtilə ərazimizə göz dikənlər, bizi ata-baba ənənələrindən uzaq salmağa çalışanlar ilk növbədə öz dillərini qəbul etdirməyə cəhd göstərirdilər. Hazırda azərbaycanlıların Bakının küçələrində öz aralarında xarici dildə danışmaları narahatlıq doğurur. Bu, ən azından gələcəyimiz üçün təhlükə mənbəyidir. Biz bu təhlükəni gələcək nəslə saxlaya bilmərik.

Folklorumuzda dilimiz barədə nənələrimizin bayatıları, aqil babalarımızın müdrik kəlamları maraq doğurur. Bəzi şairlərimiz sözə şeir həsr ediblər. Böyük şairimiz Məhəmməd Füzulinin məşhur “Söz” qəzəli buna ən yaxşı misaldır. Təəssüf ki, bəziləri “arxaik sözdür” deyib el dilində olan ifadəri işlətmir, əvəzinə xarici dillərdən lüzumsuz ifadələr gətirir,  ana dilimizi əcnəbi sözlərlə eybəcər hala salır, həm də kasadlaşdırırlar. Çünki yad kəlmələr leksikonumuzu korlayır, milli mənliyimizin unudulmasına aparıb çıxarır.  Prezident İlham Əliyev bu kimi meyillərdən narahat olduğunu bildirib. Ona görə də aidiyyəti şəxslərə xəbərdarlıq edib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm,  həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında,  buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və  dəstəyini göstərmək çağırışını edirəm.”

Tamamilə yerinə düşən çağırışdır. Xarici və modern sözləri yeri gəldi-gəlmədi işlətmək, Məşədi İbadsayağı “obrozovanski” görüntüsü yaratmaq istehza doğurur. Reklam çarxlarında, mağaza, market, restoran adlarında dəb düşən o qədər mənası anlaşılmayan xarici sözlər var ki, anlamaq olmur. Təəssüf ki, bəzi internet televiziyalarılarında, qəzet və jurnallarda dilimizə yabançı sözlər baş alıb gedir. Bu, ana dilimizə hörmətsizlikdən başqa bir şey deyil. Belə münasibətə son qoyulmalıdır.

Ana dilindən naşılıqla istifadə edənlərə, sözün qədrini bilməyənlərə əlli il əvvəl irad tutanlar vardı, indi də var. Rəhmətlik şair Məmməd Aslan bu cür şairlərə irad tutaraq bir şeirinin iki misrasında yazmışdı:

Ana dilim qızıl dolu xəzinə,

Mirvaridən nal doğrama, heyifdir.

Vəli İlyasov, “İki sahil”