06 noyabr 2025 16:17
208

Bayrağımız xalqımızın tarixini, mədəniyyətini və ideologiyasını özündə cəmləşdirən bir rəmzdir

Bayraq bir xalqın kimliyini, birliyini və milli suverenliyini simvolizə edən ən vacib rəmzlərdən biridir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir. Azərbaycanın üçrəngli bayrağı sadəcə bir parça deyil, xalqın tarixini, mədəniyyətini və ideologiyasını özündə cəmləşdirən bir rəmzdir. Dövlət Bayrağımız müstəqil Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və milli birliyinin ali rəmzidir. Bayrağımız həm beynəlxalq arenalarda dövlətimizi şərəflə təmsil edir, həm də ölkə daxilində və xaricdə yaşayan hər bir Azərbaycan vətəndaşını Vətən sevgisi ətrafında birləşdirən müqəddəs dəyərdir.

Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin,  bölünməzliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 72 il sonra Ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, cəsarəti  hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb. Dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Ulu öndər deyib ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.  

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək,onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu təşəbbüsün əsas məqsədi Azərbaycanın milli suverenliyini və dövlətçilik ideallarını təcəssüm etdirən üçrəngli bayrağa olan ehtiramı gücləndirmək və gələcək nəsillərə çatdırmaqdır.

Son illərin tarixi Qələbəsi, xüsusən də 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpası, bayrağımızın əhəmiyyətini yeni bir səviyyəyə qaldırmışdır. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş hər qarış torpaqda, o cümlədən Şuşada, Xankəndidə və bütün Qarabağda qürurla dalğalanır. Bu, canı və qanı bahasına bu Qələbəni bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında ehtiramın və qazilərimizə olan sonsuz minnətdarlığın əlamətidir.

Anar Məmmədov,

Milli Məclisin deputatı