06 noyabr 2025 18:05
131

Hərbi Zəfərdən diplomatik qələbələrə

8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq iradəsini, milli həmrəyliyini və azadlıq uğrunda sarsılmaz mübarizə əzmini təcəssüm etdirir. Bu əlamətdar tarix ədalətin bərpasını, torpaqlarımızn azadlığını və milli qürurun dirçəlişini ifadə edir. Zəfər Günü, həmçinin müstəqil dövlətin gücünü, ordunun qüdrətini və xalqın birlikdə yazdığı şanlı Qələbəni əbədiləşdirir.

Ermənistanın uzun illər davam edən təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüş, bu isə regional sabitliyi ciddi şəkildə pozmuşdur. Dövlətimiz bu çağırışlara qarşı hərbi, diplomatik və strateji sahələrdə ardıcıl və məqsədyönlü addımlar atmış, uzunmüddətli sülh və sabitliyin təminatını prioritet olaraq irəli sürmüşdür.

Hərbi strategiya bu prosesdə xüsusi əhəmiyyət kəsb edir. Silahlı Qüvvələrin modernləşdirilməsi konsteksində yüksək texnologiyalı silah sistemləri, dron platformaları və dəqiq zərbə vasitələrinin tətbiqi ordunun əməliyyat çevikliyini və döyüş qabiliyyətini xeyli dərəcədə artırmışdır. Yerli müdafiə sənayesinin və elmi-tədqiqat-istehsal əlaqələrinin inkişafı, modern təlim proqramları və beynəlxalq təcrübə mübadiləsi personalın peşəkarlığını artırmış, ordunun taktiki-strateji potensialını yeni səviyyəyə qaldırmışdır. Nəticədə, bütün bu elementlər birlikdə müdafiə qabiliyyətinin davamlı güclənməsini, operativ çevikliyin yüksəlməsini təmin etmiş və regional sabitliyə töhfə verən etibarlı dayaq rolunu oynamışdır.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq başlanan “Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun yüksək koordinasiyalı, çevik və strateji hazırlığını nümayiş etdirib. Əməliyyat boyu həyata keçirilən planlı hücumlar, dəqiq zərbə taktikasının tətbiqi, komanda-idarəetmə sistemlərinin effektiv fəaliyyəti və ordunun müxtəlif qoşun növləri arasında tam sinxronlaşdırılmış hərəkəti Azərbaycan Silahlı Qüvvələrinin müasir döyüş standartlarına tam uyğunluğunu göstərib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqların azad edilməsi yalnız hərbi baxımdan deyil, həm də milli iradə, xalq birliyi və dövlətin strateji uzaqgörənliyinin təntənəsinə çevrilib. Bu Qələbə diplomatik müstəvidə də ölkəmizin mövqelərini gücləndirib, regionda yeni reallıqlar yaradıb və beynəlxalq aləmdə ədalətin bərpası kimi dəyərləndirilib. Tarixi Zəfər Azərbaycanın müstəqil müdafiə və təhlükəsizlik siyasətinin səmərəliliyini təsdiqləyərək dövlətin beynəlxalq nüfuzunu daha da artırıb və gələcək sülh modelinin formalaşması üçün strateji zəmin yaradıb.

8 noyabr tarixi yaddaşımızda azadlıq və milli qürurun təntənəsi kimi əbədi yer alıb. Həmin gün Şuşanın azad olunması ilə xalqın milli iradəsi, dövlətin siyasi qətiyyəti və ordunun qəhrəmanlığı sayəsində böyük ədalət bərpa olunub. Şuşa əsrlər boyu Qafqazın incisi, mədəniyyət və mənəviyyat məkanı kimi tanınıb. Bu şəhər təkcə tarixi və memarlıq irsi ilə deyil, həm də milli kimliyimizin formalaşmasında oynadığı rol ilə seçilib. Qarabağ xanlığının paytaxtı olmuş, dahi şəxsiyyətlər – Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi mədəniyyət xadimlərinin yetişdiyi bu torpaq xalqın yaddaşında azadlıq və ruh yüksəkliyi təntənəsidir.

Müzəffər Ordumuzun 2020-ci ilin 8 noyabrında Şuşaya daxil olması və şəhərin tam azad olunması hərb tarixinin nadir nümunələrindəndir. Əlverişsiz relyefdə, sıldırım qayalıqlarda, ağır hava və döyüş şəraitində həyata keçirilən əməliyyatlar xalqın sarsılmaz iradəsinin, döyüşçülərimizin cəsarətinin bariz göstəricisi idi. Bu Qələbə Azərbaycan dövlətinin hərbi-siyasi modelinin mükəmməlliyini, xalq və dövlət birliyinin gücünü nümayiş etdirib.

Şuşanın azad edilməsindən sonra şəhər həyatının bərpası, infrastrukturun qurulması və sosial layihələrin icrası dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Qısa müddət ərzində Şuşada elektrik, qaz, su xətləri çəkilib, yeni yollar salınıb, yaşayış və sosial obyektlər inşa edilib. Şəhərin tarixi abidələri bərpa olunur, mədəni irsi qorumaq üçün xüsusi proqramlar həyata keçirilir. Beləliklə, müasir urbanizasiya prinsiplərinə əsaslanan, eyni zamanda milli memarlıq ruhunu qoruyan inkişaf konsepsiyası formalaşdırılıb.

Şuşa bu gün yalnız Qarabağın deyil, bütün bölgənin mədəni, intellektual və turizm mərkəzinə çevrilir. Burada keçirilən beynəlxalq forumlar, mədəniyyət festivalları, elmi konfranslar şəhərin strateji və mənəvi statusunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Şuşa artıq dünya mədəniyyət xəritəsində öz yerini tutub. Türk dünyası, İslam ölkələri və beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilən qərarlar Şuşanın qlobal miqyasda nüfuzunun artdığını göstərir.

Şuşada hər bir bərpa olunan küçə, yenidən salınan park və açılan mədəniyyət ocağı tariximizi təcəssüm etdirir. Şəhərdə keçirilən hər bir tədbir dövlətin gələcəyə inamını, xalqın birliyini və milli kimliyə sədaqətini ifadə edir. Şuşa azadlıq, mübarizə və yenilməzlik fəlsəfəsinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Şuşanın azadlığı ilə başlayan bu yeni mərhələ dövlətimizin və xalqımızın tarixində əbədi qalacaq.

Diplomatik uğurlar bu Zəfərin digər bir əsas tərəfidir. Azərbaycan beynəlxalq qurumlarda işğalın humanitar, siyasi və iqtisadi nəticələrini gündəmə gətirmiş, müvafiq qətnamələrin qəbuluna nail olmuşdur. Enerji resurslarının ixracı, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak dövlətimizin strateji mövqeyini gücləndirmiş, ölkəyə diplomatik və iqtisadi üstünlüklər qazandırmışdır. Sözügedən siyasət həm də regionda davamlı sülh və sabitliyin təminatına töhfə vermişdir.

Milli həmrəylik və tarixi yaddaşın qorunması da şanlı Zəfərin əhəmiyyətli aspektlərindən biridir. Zəfər Gününün təsis edilməsi, Bakıda Zəfər paradının keçirilməsi və Hərbi Qənimətlər Parkının yaradılması xalqın yaddaşında tarixi irsi əbədi olaraq qorumaqla yanaşı, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına xidmət etmişdir. Bu tədbirlər həm də hərbi xidmətin şərəfli vəzifə olduğunu nümayiş etdirir və dövlətin dayanıqlı inkişaf strategiyasını göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri dövlətin müdafiə və təhlükəsizlik sahəsində çevikliyini göstərib, həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib. Bu əməliyyatlar Azərbaycanın proaktiv təhlükəsizlik siyasəti yürütməsini və ordunun yüksək döyüş hazırlığını bir daha nümayiş etdirib.

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı şəxs öhdəliyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunmuşdur.

Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə sosial-iqtisadi infrastrukturun bərpası sürətlə və sistemli şəkildə davam edir. Yollar, enerji və kommunal sistemlər yenidən qurulur, şəhər və kənd yaşayış məskənləri müasir standartlara uyğunlaşdırılır, təhsil və səhiyyə obyektləri isə əhalinin rahatlığını və xidmət keyfiyyətini artıracaq şəkildə yenilənir. İqtisadi fəaliyyətin bərpası, yerli müəssisələrin təşkili və iş yerlərinin yaradılması, həmçinin regionda investisiya mühitinin gücləndirilməsi proqramın prioritet istiqamətlərindəndir. Sözügedən proqram Azərbaycanın regional liderlik potensialını daha da möhkəmləndirir, dayanıqlı inkişafın yeni mərhələsini yaradır və siyasi-iqtisadi sabitliyin təmin olunmasına töhfə verir. Həmçinin, bu təşəbbüs işğaldan azad edilmiş ərazilərin bərpası fonunda yerli əhalinin geri dönməsini təşviq edir və onların sosial inteqrasiyasını gücləndirir. Eyni zamanda, proqramın strateji əhəmiyyəti də böyükdür, bərpa və yenidənqurma işləri regional təhlükəsizliyin möhkəmlənməsinə, dövlətin nüfuzunun artmasına və işğaldan azad edilmiş bölgələrdə dayanıqlı və sabit gələcəyin qurulmasına xidmət edir.

Nəticədə, tarixi Zəfər hərbi və diplomatik Qələbə, həmçinin Azərbaycanın sosial-iqtisadi və strateji sahələrdəki gücünün təcəssümüdür. Yeni geosiyasi reallıqlar fonunda ölkə rəhbərliyinin müdrik siyasəti davamlı milli inkişaf və regional sabitliyin təminatına möhkəm zəmin yaratmışdır.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı