06 noyabr 2025 17:16
109

Tarixi Zəfərdən Böyük Qayıdışa

8 Noyabr - Zəfər Günü xalqımızın sarsılmaz iradəsi, milli birlik və həmrəyliyinin təntənəsidir. Həmin gün tarixi ədalətin bərpasını, qəhrəman övladlarımızın qanı və canı bahasına qazanılmış böyük Qələbəni simvolizə edir. Zəfər Günü həm də azadlıq uğrunda mübarizədə göstərilən fədakarlığın və dövlətimizin gücünün ifadəsidir.

Ermənistanın uzun illər davam edən işğalçı siyasəti nəticəsində ərazilərimizdə yaşayış məskənləri dağıdılmış, təhsil və səhiyyə infrastrukturu məhv edilmiş, bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin salınmışdır. Bu faktorlar, eyni zamanda regionda ictimai-siyasi gərginliyin artmasına və uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxarmışdır.

Dövlətimiz işğal dövründə regional və qlobal diplomatik platformalarda fəal mövqe sərgiləmişdir. Azərbaycan beynəlxalq təşkilatlarda və çoxtərəfli formatlarda işğalın humanitar və siyasi-iqtisadi fəsadlarını diqqətə çatdırmış, müvafiq qətnamələrin qəbuluna nail olmuşdur. Strateji planlaşdırma istiqamətində həyata keçirilən məqsədyönlü siyasət isə gələcək inkişaf mərhələlərinin daha sistemli və səmərəli şəkildə müəyyənləşdirilməsinə şərait yaratmışdır.

Azərbaycanın hərbi strategiyası Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və əməliyyat çevikliyini əhəmiyyətli dərəcədə artırmışdır. Modernləşmə proqramları nəticəsində ordumuz yüksək texnologiyalı silah sistemləri, dron texnologiyaları və dəqiq zərbə vasitələri ilə təchiz edilmiş, bu da əməliyyat səmərəliliyini xeyli yüksəltmişdir. Analitik təhlillər göstərir ki, aparılan islahatlar müdafiə sənayesi və innovasiya sahəsində yerli istehsalın genişlənməsi, elmi-texnoloji potensialın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Güclü iqtisadi potensial, çoxşaxəli və məqsədyönlü xarici siyasət dövlətimizin strateji mövqeyini möhkəmləndirən əsas amillərdəndir. Müstəqil enerji siyasətinin həyata keçirilməsi, təbii resursların səmərəli idarə olunması və ixrac marşrutlarının şaxələndirilməsi ölkəmizi etibarlı tərəfdaş kimi beynəlxalq arenada önə çıxarmışdır. Nəqliyyat dəhlizlərinin inkişafı, logistika infrastrukturunun genişləndirilməsi və qlobal əməkdaşlıq platformalarında fəal iştirak isə regional inteqrasiyanı gücləndirərək diplomatik, iqtisadi və siyasi üstünlüklərin əldə edilməsinə imkan yaratmışdır. Bu strateji istiqamətlər həm milli təhlükəsizliyin təminatında, həm də uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri ilə “Dəmir yumruq” əməliyyatı qısa müddətdə strateji üstünlük yaratmış, düşmənə ağır zərbə vurulmuş və ərazilərimiz işğaldan azad edilmişdir. Hərbi əməliyyatların planlaşdırılması və uğurla icrası Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını sübut edir. Bu əməliyyatlar ordunun intellektual və texnoloji potensialını ortaya qoymuş, müasir döyüş taktikaları uğurla tətbiq olunmuşdur.

Azərbaycanın tarixi Qələbəsi nəticəsində rəsmi İrəvan kapitulyasiya etmiş, regionda sülhün bərqərar olunması üçün 10 noyabr 2020-ci il tarixində Üçtərəfli Bəyanat imzalanıb. 44 gün ərzində dövlət, xalq və ordu birlikdə döyüş meydanında, həm də beynəlxalq diplomatiyada öz qüdrətini nümayiş etdirib. Qələbə diplomatiyası ölkəmizin regional və qlobal nüfuzunu artırıb, mötəbər platformalarda mövqeyini daha da möhkəmləndirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.

8 noyabr xalqımızın yaddaşına təkcə Zəfər Günü kimi deyil, həm də Şuşa şəhərinin azadlığı ilə milli iradənin təntənəsi kimi yazılıb. Vətən müharibəsi dönəmində -  noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Bu Qələbə həm torpaqlarımızın azadlığı, həm də xalqın birliyinin, iradəsinin və əzminin təntənəsi olub. “Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən dövlət başçısının qətiyyəti, xalqın sonsuz inamı və ordumuzun qəhrəmanlığı nəticəsində Qarabağın döyünən qəlbi yenidən azad nəfəs alıb.

Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsi, Azərbaycan xalqının güc və birliyinin parlaq göstəricisidir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayalardan keçərək, əlbəyaxa döyüşlə qazandığı bu möhtəşəm Qələbə dünya hərb tarixində misilsiz nümunə kimi qalacaq. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldı. Məhz həmin gün xalqımız öz taleyinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad edilməsi ilə tariximizin Böyük Qayıdış və quruculuq dövrü başlandı. Düşmən tərəfindən viran qoyulmuş şəhər qısa müddətdə dirçəlməyə başladı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində şəhərin tarixi siması qorunmaqla müasir infrastruktur yaradıldı. “Zəfər Yolu”nun çəkilişi, yeni yaşayış komplekslərinin inşası, məktəb, xəstəxana, mədəniyyət ocaqlarının bərpası Şuşanın yeni inkişaf mərhələsinin əsasını qoydu.

Şuşa bu gün həm də mədəniyyətin, elmin və mənəviyyatın mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə bu şəhər “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. Sonrakı illərdə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, “İslam dünyasının mədəniyyət paytaxtı” və “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” statuslarını qazanaraq beynəlxalq mədəni məkanın ayrılmaz hissəsinə çevrildi. Bu qərarlar Şuşanın həm regional, həm də qlobal miqyasda yüksələn nüfuzunun təzahürüdür.

Hazırda Şuşada həyata keçirilən layihələr şəhərin gələcəyinə hesablanmış uzunmüddətli strategiyanın tərkib hissəsidir. Həyata keçirilən tədbirlər bu məkanın tarixi memarlıq ruhunu qorumaqla, onu müasir, ekoloji və turizm baxımından cəlbedici mərkəzə çevirməyi hədəfləyir. Tarixi abidələrin bərpası, milli memarlıq ənənələrinin dirçəldilməsi, ictimai-mədəni məkanların yaradılması Şuşanın yeni simasını formalaşdırır.

Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr - Zəfər Gününün təsis edilməsi, Bakıda Zəfər paradının keçirilməsi və Hərbi Qənimətlər Parkının yaradılması kimi mühüm addımlar atılmışdır. Bu təşəbbüslər xalqımızın milli həmrəyliyini və vətənpərvərlik ruhunu möhkəmləndirmiş, şanlı Qələbənin mənəvi dəyərini gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, həmin tədbirlər hərbi xidmətin şərəfli missiya kimi təbliğinə və gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Həmin gün Şuşada dalğalanan üçrəngli bayraq, bərpa olunan hər bir küçə və abidə, səslənən hər bir musiqi xalqımızın qürurunu, müstəqilliyinə sədaqətini və gələcəyə inamını nümayiş etdirir. Şuşa azadlıqla, Zəfərlə və milli qürurla birləşən bir ideyanın adı kimi əbədi yaşayacaq.

Postmüharibə dövründə reallaşdırılan diplomatik təşəbbüslər beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini tanımasına imkan yaratmış, regional sabitliyin təmin edilməsində dövlətimizin rolunu gücləndirmişdir. Bu çoxşaxəli siyasət dövlətin iqtisadi dayaqlarını möhkəmləndirir, enerji və nəqliyyat sahəsində regional liderlik potensialını artırır.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri milli təhlükəsizliyin davamlı təmin olunması naminə mühüm strateji əhəmiyyət kəsb edir. Bu əməliyyatlar nəticəsində separatçı silahlı birləşmələrin zərərsizləşdirilməsi, suverenliyin tam bərpası və konstitusiya quruluşu ölkənin bütün ərazilərində təmin edildi. Hərbi əməliyyatların yüksək peşəkarlıqla, mülki əhaliyə zərər vurulmadan icra olunması Azərbaycan Ordusunun intizamlı və dəqiq fəaliyyətini sübut etdi. Uğurlu antiterror tədbirləri həm də dövlətin güclü müdafiə potensialını, çevik qərarvermə mexanizmini və sarsılmaz siyasi iradəsini təsdiqlədi, regioanl sülh və sabitliyin möhkəmlənməsinə real zəmin yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı bərpa və quruculuq işlərini, müasir infrastruktur layihələrini və sosial proqramları əhatə edir. Bu genişmiqyaslı işlər əhalinin rifahını təmin edir, regionun davamlı inkişafını gücləndirir və iqtisadi canlanma, yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar təqdim edir. Sözügedən mərhələlər həm də sosial və iqtisadi sabitliyin təmin olunmasına, həmçinin ərazilərin strateji potensialının reallaşdırılmasına xidmət edir.

“YAŞAT” Fondu şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial müdafiəsini təmin etməklə yanaşı, dövlətin insan amilinə verdiyi xüsusi önəmi nümayiş etdirir. Fondun fəaliyyəti cəmiyyətin psixoloji reabilitasiyası istiqamətində mühüm mexanizm kimi çıxış edir. Bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısı sosial sabitliyin möhkəmlənməsi, həmçinin xalqın birliyini və milli həmrəyliyi gücləndirən mənəvi dəyərlərin qorunması və yaşadılması ilə nəticələnir.

Ümumilikdə, tarixi Zəfər həm də ölkəmizin sosial-iqtisadi və diplomatik sahələrdə əldə etdiyi strateji üstünlüyün parlaq göstəricisidir. Bu amillər işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, infrastrukturun bərpası və davamlı inkişafın yeni mərhələsinin başlanğıcını ifadə edir. Hərtərəfli siyasət gələcək nəsillər üçün davamlı inkişaf və dövlətçilik ənənələri baxımından nümunəvi model kimi qalacaqdır. Bütün bunlar dövlət quruculuğu, milli təhlükəsizlik və regional liderlik strategiyasının uğurla reallaşdırıldığını əyani şəkildə sübut edir.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı