05 mart 2026 10:34
306

Taleh Qaraşov növbəti səyyar görüş keçirib

Martın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

ŞİH başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti, habelə cari ildə görüləcək işlər barədə inzibati ərazi dairəsinin sakinlərini məlumatlandırıb. 

Səyyar görüş-qəbulların keçirilməsinin önəminə toxunan Taleh Qaraşov qeyd edib ki, insanların qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edən görüşlər dövlət başçısı cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında keçirilir. İcra başçısı bildirilib ki, bütün qaldırılan məsələlər onun şəxsi nəzarətindədir, məsələlərin icra vəziyyəti barədə qanunvericiliyə uyğun olaraq vətəndaşlara cavab verilir.

Liman şəhər, Şirinsu qəsəbə və Qumbaşı kəndinin sakinləri könüllü, birbaşa və sərbəst şəkildə şəxsi və ümumi problemlərini rayon rəhbərliyinə çatdırıblar, yerli insanlar qaldırdıqları məsələlərin həllindən ötrü səmimi və nəticəyə yönəlik yanaşma gördükləri üçün rayon rəhbərinə təşəkkür ediblər. 

Liman inzibati ərazi dairəsinin sakinləri yaşadıqları ərazidə yenidənqurma, abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.