13 mart 2026 00:58
178

Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri region üçün böyük əhəmiyyət daşıyır

Müasir dövrdə qlobal iqtisadiyyatın inkişafında nəqliyyat və logistika marşrutlarının rolu getdikcə daha da artır. Dövlətlər arasında ticarət əlaqələrinin genişlənməsi, beynəlxalq yük daşımalarının artması və yeni iqtisadi əməkdaşlıq platformalarının formalaşması nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini daha da gücləndirir. Bu baxımdan Avrasiya məkanında yerləşən ölkələrin tranzit imkanları qlobal iqtisadi münasibətlərdə mühüm rol oynayır.

Azərbaycan Respublikası da əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi iri infrastruktur layihələri sayəsində beynəlxalq nəqliyyat və logistika sistemində mühüm mövqeyə sahib olmuşdur. Bu məsələlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart 2026-cı ildə keçirilən XIII Qlobal Bakı Forumunda etdiyi çıxış zamanı xüsusi diqqət yetirmişdir.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumda Prezident Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rolu vurğulayaraq bildirmişdir: “Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq.”

Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəmizi Avropa və Asiya arasında mühüm tranzit qovşağına çevirir. Tarix boyu Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan bu gün də beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin inkişafında vacib rol oynayır.

Son illər ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri – müasir avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin yenilənməsi və logistika mərkəzlərinin yaradılması Azərbaycanın tranzit potensialını daha da artırmışdır. Bu layihələr ölkənin beynəlxalq nəqliyyat sistemində mövqeyini möhkəmləndirmişdir.

Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirən mühüm ticarət marşrutlarından biridir. Bu marşrut vasitəsilə Çin və digər Asiya ölkələrindən Avropaya yüklərin daha qısa və səmərəli şəkildə daşınması mümkündür.

Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi mühüm rol oynayır. Ölkəmizin ərazisindən keçən dəmir yolu və avtomobil yolları yükdaşımaların sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Bu da Azərbaycanın beynəlxalq logistika sistemində əhəmiyyətini artırır.

Şimal-Cənub nəqliyyat dəhlizi isə Avropa ilə Cənubi Asiyanı birləşdirən mühüm tranzit marşrutlarından biridir. Bu dəhliz vasitəsilə yük daşımaları daha qısa müddətdə həyata keçirilir və iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradır.Azərbaycan bu marşrutun əsas tranzit ölkələrindən biri kimi çıxış edir. Ölkəmizin dəmir yolu infrastrukturu və logistika imkanları Şimal-Cənub dəhlizinin səmərəli fəaliyyət göstərməsinə mühüm töhfə verir.

Prezident İlham Əliyev forumdakı çıxışında qeyd etmişdir ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır. Bu layihələr müxtəlif ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirir və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən infrastruktur layihələri region ölkələri arasında qarşılıqlı etimadın artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda etdiyi çıxış Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunu bir daha nümayiş etdirdi. Prezidentin vurğuladığı kimi, Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşlardan birinə çevrilmişdir.Bu isə ölkəmizin qlobal ticarət əlaqələrində strateji mövqeyini gücləndirir və Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq sistemində rolunu daha da artırır. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri gələcəkdə regionda iqtisadi inkişafın və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verməyə davam edəcəkdir.

Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı