09 aprel 2026 21:05
172

Akademik Zərifə Əliyeva böyük tarixi şəxsiyyət idi

Tarixi şəxsiyyətlər tarixdə də yaşadılır, yaddaşlarda da. Onlar bir ömürü Vətən üçün, xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşayanlardır. Xalqımızın tarixində belə şəxsiyyətlər dövlət­çi­liyin müxtəlif mərhələlərində, müxtəlif dönəmlərində bəşəri düşüncələri ilə bəşəriyyətin sabah­la­rının cəfakeşi olub. Belə tarixi şəxsiyyətlərdən biri də  Zərifə Əziz qızı Əliyeva idi. O, yüksək insani keyfiyyətlərə, geniş erudisiyaya, yüksək təxəyyülə, həsəd aparılası azərbaycançılıq duy­ğu­la­rına malik olan bir İNSAN idi. 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şə­rur ra­­yo­­­nu­nun Şahtaxtı kəndində anadan olmuşdu. Dövlət Tibb İnstitutunun müalicə-profilak­ti­ka fa­kül­təsini əla qiymətlərlə bitirmişdi, tibb elmləri doktoru idi...

Zərifə xanım Əliyeva göz xəstəliklərini araşdıran, öyrənən bir mütəxəssis idi. Azərbay­can­da da geniş yayılmış traxoma infeksion xəstəliynin təbiətini, profilaktikasını öyrənirdi, bu xəstəliyə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedirdi, həkim-oftalmoloqlara məruzələr oxuyurdu ki, bu da bilavasitə maarifləndirmə tədbirləri idi. 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər tera­piya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası da bu xəs­təliyi əhatələyirdi.

Zərifə xanım Əliyeva humanist insan idi, bütün vətəndaşları doğması hesab edirdi. O illərdə  uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alın­ması istiqamətində dövlət xətti ilə, öz təşəbbüsü ilə əlahiddə xidmətlər də göstərirdi. Böyük ürək yiyəsi olan böyük alim bu xəstəliyin yaranma səbəblərini araşdırır, xəstəlik ocaqlarında kompleks müalicə-profilaktik tədbirlərin həyata keçirilməsini təşkil edirdi.

1967-ci ildə göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çoxsaylı cərrahiyə əməliyyatları aparan, xəstələrə məsləhət­lər verən Zərifə xanım Əliyeva göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparırdı.

Tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi, ... Böyük alim  oftalmolo­gi­ya­nın elmi cəhətdən az araşdırılmış sahəsinə – görmə orqanının patologiyasına daha çox diqqət yetirirdi. Aşkarlanmışdı ki, bu problemin aktuallığı kimya və elektronika sənayesinin geniş inkişafı ilə məhdudlaşmır, həm də bir sıra yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunmaması ilə əlaqədardır.

Tanınmış oftolmoloq-alim Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssi­sə­ləri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlik­ləri İnstitutunda müdafiə etmişdi. Mütəxəssislərin elmi dəyərini yüksək qiymətləndirdiyi disseratsiya çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri əsasında yazılmışdı. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verildi.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1983-cü ildə həmin kafedranın müdiri seçilən professor Zərifə xanım Əliyevanın gör­mə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə məqalələrinin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdi. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri (“Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, ...) bu məsələlərə həsr olunub.

150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi, fundamental “Terapevtik oftalmologiya” kitabı­nın müəllif­lə­rin­dən biri olan tibb elmləri doktoru professor Zərifə Əliyeva “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi bir neçə monoqrafiyanın müəlli­fidir. Onun bir sıra elmi əsəri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müa­li­cə­sinə həsr olunub. Böyük alimin “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının mü­a­sir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fi­zio­loq­ların diqqətini cəlb edib.

Cəmiyyətin düşüncələrinin söz cəfakeşi olan akademik Zərifə Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə də qayğı ilə yanaşırdı. Onun çoxsaylı məqalələri, çıxışları bu məsələyə həsr olunurdu, “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdi.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmolo­gi­ya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.

1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən fəaliyyətini akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi kimi davam etdirir.  2009-cu il mayın 22-də  Prezident İlham Əliyevin iştirakı ilə Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı oldu.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə Azər­bay­can Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim akademik Zərifə Əliye­vanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdi.

“Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib” (Böyük tarixi şəxsiyyət Heydər Əliyev).

“Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir” (Azərbaycan Respublikasıın Prezidenti İlham Əliyev).

“Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzaki­rə­sində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi” (Xalq yazıçısı Elmira Axundova “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət”  kitabından)...

Bir azərbaycanlı kimi qürurlanıram ki, xalqımız dünyaya belə bir insan verib, tibb elminə belə bir düha bəxş edib...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı