12 may 2026 19:29
120

“Vest Hem” – “Arsenal” matçından sonra futbol qaydalarında dəyişiklik gündəmə gəlib

Futbol oyun qaydalarına dəyişiklik etmək səlahiyyətinə malik olan Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) cərimə meydançasında standart vəziyyətlər zamanı futbolçular arasında mübarizə qaydalarını yenidən nəzərdən keçirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Hazırkı qaydalara əsasən, top oyuna daxil edilməzdən əvvəl futbolçular arasında baş verən mübarizə halları penalti və ya cərimə zərbəsi ilə cəzalandırıla bilmir. IFAB nümayəndələrindən biri bildirib ki, bu məsələ artıq futbol üçün “çox ciddi problemə” çevrilib.

Qeyd olunub ki, məsələ təşkilatın mart ayında keçirilən illik toplantısından əvvəl də müzakirəyə çıxarılıb. Lakin həmin vaxt qaydaların detallı şəkildə araşdırılması üçün kifayət qədər zaman olmayıb.

Qaydaların dəyişdirilməsi ilə bağlı müzakirələrin intensivləşməsinə səbəb isə İngiltərə Premyer Liqasının 35-ci turunda keçirilən West Ham United – Arsenal oyunu olub. Həmin qarşılaşmada hakim Kris Kavana VAR sisteminin köməyi ilə meydan sahiblərinin əlavə vaxtda vurduğu qolu ləğv edib.

Hakim qərarını “Vest Hem” futbolçusunun “Arsenal”ın qapıçısına qarşı qayda pozuntusu etməsi ilə əsaslandırıb. Lakin bu epizod futbol ictimaiyyətində ciddi mübahisələrə səbəb olub. Keçmiş futbolçular və hakimlər arasında qərarın düzgünlüyü ilə bağlı fikir ayrılığı yaranıb.

Ekspertlərin fikrincə, müasir futbolda standart vəziyyətlər zamanı cərimə meydançasında baş verən fiziki təmaslar və müdaxilələr daha çox mübahisə doğurduğundan qaydaların dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Xüsusilə VAR texnologiyasının tətbiqindən sonra bu tip epizodlara diqqət daha da artıb.

Müşahidəçilər hesab edirlər ki, IFAB tərəfindən mümkün dəyişikliklərin qəbul olunması gələcəkdə standart vəziyyətlər zamanı hakim qərarlarının daha şəffaf və ardıcıl olmasına kömək edə bilər.