14 may 2026 10:01
101

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

15 may 2026-cı il tarixində Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platformasının əsas tədbirlərindən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən keçirilən Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün ən mühüm platformalardan biri hesab olunur.

“Bakı Şəhərsalma Həftəsi 2026” bu mühüm qlobal tədbirə hazırlıq mərhələsində milli səviyyədə fikir mübadiləsi, akademik müzakirələr və tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün platforma rolunu oynayır. Bu çərçivədə keçiriləcək konfrans ölkənin akademik və institusional potensialını beynəlxalq gündəliklə əlaqələndirməyi, davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması yollarını araşdırmağı hədəfləyir.

Konfrans insan kapitalının – təhsil sistemləri, elmi-tədqiqat potensialı, peşəkar hazırlıq, institusional bacarıqlar və rəqəmsal savadlılığın davamlı şəhər inkişafında həlledici rolunu ön plana çıxaracaq. Tədbirdə şəhərsalma, memarlıq, mühəndislik, ekologiya, iqtisadiyyat, hüquq, sosial elmlər və rəqəmsal texnologiyalar kimi müxtəlif sahələri əhatə edən multidissiplinar yanaşmalar müzakirə olunacaq.
Konfrans dövlət qurumlarının rəhbərlərini, BMT nümayəndələrini, beynəlxalq ekspertləri, alimləri və şəhər inkişafı üzrə mütəxəssisləri bir araya gətirəcək. Müzakirələrdə inklüziv və dayanıqlı şəhərlərin inkişafı, iqlim dayanıqlılığı, əlçatan mənzil təminatı, rəqəmsal transformasiya və süni intellektin şəhər idarəçiliyində rolu, həmçinin institusional və hüquqi çərçivələrin gücləndirilməsi kimi mövzulara xüsusi diqqət yetiriləcək.

Konfrans çərçivəsində BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “Urban Future – Gələcəyin şəhərləri” kitabının da təqdimatı keçiriləcək.