BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Avstraliyadan olan Dorothy Lapham Azərbaycana ilk səfərinin onda olduqca xoş təəssüratlar yaratdığını bildirib. O, Bakının gözəlliyini və şəhərdəki qonaqpərvər atmosferi xüsusi vurğulayıb.
Dorothy Lapham qeyd edib ki, Azərbaycana səfər etməkdən çox məmnun qalıb: “Azərbaycan çox gözəl şəhərdir. İlk dəfədir buradayam və şəhəri çox bəyəndim. İnsanlar çox qonaqpərvərdir, hər zaman yardım etməyə çalışırlar. Hər hansı bir köməklik istəyəndə dərhal sənə dəstək göstərirlər. Azərbaycana gəlməkdən, burada bu gözəl şəhəri görməkdən və insanlarla tanış olmaqdan çox şad oldum”.

Forumun təşkilati səviyyəsinə də toxunan avstraliyalı iştirakçı Azərbaycanın tədbirə yüksək peşəkarlıqla ev sahibliyi etdiyini vurğulayıb.
Onun sözlərinə görə, forum çərçivəsində şəhərsalma, urbanizasiya və qarşıda duran qlobal çağırışlarla bağlı mühüm müzakirələr aparılır: “Forum qarşımızda duran problemlərin və çağırışların həlli istiqamətində fikir mübadiləsinin aparılması və həll yollarının tapılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müzakirələr bizim üçün də çox faydalı oldu. Hesab edirəm ki, forumun nəticələri hər kəs üçün faydalı olacaq və problemlərin həlli istiqamətində müsbət nəticələr əldə ediləcək”.
Orxan Vahidoğlu, “İki sahil”