04 iyun 2026 12:45
156

Rusiya XİN-dən Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlərlə bağlı AÇIQLAMA

Rusiya Ermənistandan idxal olunan bir sıra məhsullara qoyulan məhdudiyyətlərin fitosanitar tələblərlə bağlı olduğunu açıqlayıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Qaluzinin sözlərinə görə, qərar Rusiyanın müvafiq nəzarət orqanları tərəfindən qəbul edilib və müəyyən məhsul növlərinin ölkəyə idxalı zamanı qüvvədə olan fitosanitar qaydaların yerinə yetirilməsi zərurətindən irəli gəlir.

“Bu, müvafiq qurumlarımızın qərarıdır və müəyyən məhsulların Rusiyaya gətirilməsi ilə bağlı məlum fitosanitar qaydalara əməl olunmasının təmin edilməsinə yönəlib”, – deyə o vurğulayıb.

Diplomat əlavə edib ki, Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlərin nəticələrinin aradan qaldırılması və bazarda yaranan ehtiyacların ödənilməsi məsələsi aidiyyəti qurumlar tərəfindən həll ediləcək.

May ayının sonundan etibarən Rusiya Ermənistandan bir sıra kənd təsərrüfatı məhsullarının idxalını mərhələli şəkildə məhdudlaşdırıb. Qadağalar çiçəklər, pomidor, xiyar, bibər, müxtəlif göyərtilər, çiyələk, çəyirdəkli meyvələr, təzə üzüm, tumlu meyvələr, badımcan, kartof və quru meyvələri əhatə edir. Bundan əlavə, iyunun 2-dən etibarən Ermənistan Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını da dayandırmalıdır.