04 iyun 2026 16:56
142

İran XİN Hörmüz boğazından keçid üçün hansı hallarda ödəniş alınacağını açıqlayıb

İran Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı almağı planlaşdırmır. Bunun əvəzinə Tehran boğazda göstərilən dəniz xidmətlərinə görə ödəniş tətbiq etməyi nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Mehr agentliyinə müsahibəsində məlumat verib.

Diplomatın sözlərinə görə, İran İslam Respublikası boğazdan keçid və ya tranzit hüququ üçün heç bir ödəniş tələb etməyəcək.

“Bizim məqsədimiz Omanla birlikdə təqdim etdiyimiz xidmətlərə görə ödəniş almaqdır”, – deyə Qəribabadi bildirib.

Onun sözlərinə görə, söhbət naviqasiya xidməti, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizliyin təmin edilməsi, həmçinin ətraf mühitin çirklənməsinin qarşısının alınması və aradan qaldırılması kimi xidmətlərdən gedir.

Qəribabadi bir daha İranın mövqeyini xatırladaraq bildirib ki, Tehran Hörmüz boğazının tamamilə İran və Oman ərazi sularında yerləşdiyini hesab edir.

Onun sözlərinə görə, gələcəkdə əldə olunacaq razılaşmalar bəzi dövlətlərin maraqlarını tam təmin etməyə bilər. Lakin həmin razılaşmalar beynəlxalq hüquqa zidd olmayacaq.