04 iyun 2026 17:18
138

Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli

“Bakı Enerji Həftəsi” artıq uzun illərdir ki, enerji sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı, ölkəmizin enerji layihələri ilə bağlı səsləndirdiyi fikirlər yüksək qiymətləndirilir. Dövlətimizin başçısının Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini vurğulaması, ölkəmizin enerji layihələrinin həm müəllifi, həm də icraçısı olduğunu diqqətə çatdırması, eləcə də bu istiqamətdə müəyyən edilmiş prioritetlərlə bağlı konkret mesajlar verməsi dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Azərbaycanın öz zəngin enerji resurslarından səmərəli istifadə edən ölkə olduğunu bildirən politoloq qeyd edib ki, ölkəmiz uzun illərdir dünya və Avropa miqyaslı nəhəng enerji layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır. Bu layihələrin uğurla icra olunması və davamlı inkişafı istiqamətində mühüm prioritetlər müəyyənləşdirilib. Bu gün Azərbaycanın neft-qaz layihələri ilə yanaşı, bərpaolunan və alternativ enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirməsi böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında bu sahədəki prioritetləri və gələcək hədəfləri də konkret şəkildə diqqətə çatdırdı. Azərbaycanın enerji layihələrinin beynəlxalq nüfuzu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə təqdirəlayiqdir.

“Ölkəmiz enerji siyasətində yalnız iqtisadi maraqları rəhbər tutmur. Bu siyasətin əsas istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsidir. Ölkəmiz bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan həm mövcud enerji layihələrini uğurla icra edir, həm də gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir. Eyni zamanda, Azərbaycanın həm neft-qaz layihələri, həm də xüsusilə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan yaşıl enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Külək və günəş enerjisi sahəsində həyata keçirilən layihələr, o cümlədən yeni enerji infrastrukturunun yaradılması ölkənin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji keçidi siyasətinin mühüm tərkib hissəsidir”, - deyə o vurğulayıb.

S.Kərimli, həmçinin qeyd edib ki, bu forum Azərbaycana olan inamın, etibarın və güvənin göstəricisi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz enerji layihələrindən mühüm iqtisadi dividentlər qazanır, iqtisadi inkişafını davam etdirir və beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Azərbaycanın enerji resursları və yaşıl enerji sahəsində həyata keçirilən layihələr gələcəkdə də ölkənin iqtisadi inkişafına və rifahının yüksəlməsinə mühüm töhfə verəcək.