Artıq ABŞ-dan, Fransadan, Qazaxıstandan, Gürcüstandan və nüfuzlu beynəlxalq təşkilatlardan İrəvana-Nikol Paşinyana təbrik məktubları gəlməkdədir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra baş nazir Nikol Paşinyanı qazandığı qələbə münasibətilə rəsmən təbrik edib.
Mətbuat xəbər verir ki, Avropa rəsmisi öz müraciətində Brüsselin İrəvanın yürütdüyü xarici siyasət xəttinə tam dəstək verdiyini nümayiş etdirib. Avrokomissarın Ermənistan liderinə xoş münasibəti hər kəsə məlumdur.
Ursula fon der Lyayen Paşinyana ünvanladığı təbrik məktubunda ölkədəki demokratik prosesləri yüksək qiymətləndirib və Ermənistanın Qərbə inteqrasiya addımlarını alqışlayıb: "Hörmətli Nikol Paşinyan, Sizi seçkilərdə qazandığınız qələbə münasibətilə təbrik edirəm. Sizin rəhbərlik etdiyiniz 2018-ci ilin məxməri inqilab ruhu hələ də yaşayır və sağlamdır. Ermənistan Avropaya getdikcə daha da yaxınlaşır".
Avropa Komissiyasının rəhbəri Ermənistanın üzləşdiyi regional çağırışlar fonunda Brüsselin strateji tərəfdaşlığa sadiq olduğunu xüsusi vurğulayıb. fon der Lyayen bəyanatının sonunda açıq şəkildə qeyd edib ki, rəsmi İrəvan gələcək addımlarında və Avropa gələcəyinə doğru gedən yolda birmənalı olaraq Avropa İttifaqına tam ümid bəsləyə və onlara arxalana bilər. O, bu sözləri kiminsə xatirini xoş etmək məqsədi ilə deməyib. Avrokomissar öz sözlərində səmimi olduğunu dəfələrlə konkret əməlləri ilə sübut edib. Uzun illərdir ki, onun təmsil etdiyi təşkilat hər vaxt Ermənistanın yanında olub və dəstəyini ifadə edib. Ölkənin çətin günlərində blokadada boğulan işğalçı ölkəyə maşın karvanları ilə gələrək əhaliyə paylamaq üçün ərzaq malları və digər humanitar yardımlar gətirib. O, beynəlxalq platformalarda Ermənistanın mənafeyindən çıxışlar edib. Təbii ki, ermənilər avrokomissarı fon der Lyayeni öz adamı hesab edirlər. Ursula xanım ermənilərə sədaqətini bir daha göstərir.
Parlament seçkilərindən cəmi bir neçə gün əvvəl fon der Lyayen Ermənistana Rusiya tərəfindən tətbiq edilən sərt iqtisadi sanksiyanın təsirini yumşaltmaq məqsədi ilə 50 milyon dollar kömək göstəriləcəyini bildirmişdi. Bu məbləğ Ermənistan kimi kiçik bir ölkəyə böyük kömək deməkdir. Nüfuzlu beynəlxalq təşkilatın rəhbərliyi rəsmən bildirib ki, bundan sonra da Ermənistanın yanında olacaq, lazımi köməyini əsirgəməyəcəkdir. Olsun. Amma belə münasibət ögey-doğmalıq salmadan başqaları üçün də olsa daha yaxşıdır.
Bir məsələni də qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar hər hansı ölkədə keçirilən seçkilərə “mız” qoymağı adət edib. Onlar ən xırda pozuntuları belə şişirtməkdən, ölkənin adını hallandırmaqdan çəkinməyiblər. Amma bunu Ermənistandakı seçkilərdə görmədik, eşitmədik. Hətta ən kiçik pozuntuların olması barədə belə danışmadılar. Sanki dünyanın ən demokratik seçkiləri Ermənistanda keçib. Ursula xanım da pozuntular barədə bir kəlmə deməyi lazım bilməyib. Etirazımız yoxdur. Ancaq yaxşı olar ki, digər ölkələrə ikili münasibətlər göstərməsinlər, onlara böhtan atıb təzyiqə məruz qoymasınlar. Əlbəttə, yalnız o halda sözlərinin qiyməti olar. Biz də onlardan özümüzə qarşı ədalətli münasibət gözləyirik.
Vəli İlyasov, “İki sahil”