10 iyun 2026 08:49
77

Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə Qardaşlığının Yeni Mərhələsi

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu mühüm sənəd Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiq etmişdir.

Şuşa Bəyannaməsinin məhz Şuşa şəhərində imzalanması böyük rəmzi məna daşıyır. Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra azad edilmiş Şuşada imzalanan bu sənəd ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının beynəlxalq müstəvidə təsdiqinin göstəricisi olmuşdur. Bəyannamə eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür.

Sənəddə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil, mədəniyyət və müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə müdafiə və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq iki dövlətin milli maraqlarının qorunmasına, regionda sabitliyin təmin edilməsinə mühüm töhfə verir. Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşı yönələn təhdid və ya təcavüz hallarında qarşılıqlı məsləhətləşmələr aparacağı və birgə fəaliyyət göstərəcəyi vurğulanır.

Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin inkişafı baxımından da böyük əhəmiyyətə malikdir. Sənəddə ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi əsas istiqamətlər kimi müəyyən edilmişdir. Bu əməkdaşlıq həm Azərbaycan və Türkiyənin iqtisadi inkişafına, həm də regionun tranzit və logistika imkanlarının genişlənməsinə xidmət edir.

Bəyannamədə Türk dünyasının birliyi məsələsinə də xüsusi diqqət yetirilmişdir. Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətləri ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanır. Şuşa Bəyannaməsi bu birliyin daha da möhkəmlənməsinə, Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə əlavə stimul vermişdir.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi-siyasi əsasını təşkil edən ən mühüm sənədlərdən biri hesab olunur. Bəyannamə iki qardaş ölkənin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini bir daha nümayiş etdirərək, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratmışdır. Bu sənəd təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi, inkişafı və rifahı baxımından mühüm əhəmiyyət daşıyır.

Ariz Məmmədov,
YAP Xətai rayon təşkilatnın fəalı