Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək inkişaf strategiyasını müəyyən edən mühüm siyasi sənəd olmaqla yanaşı, beynəlxalq ictimaiyyətə də aydın mesajlar vermişdir. Bu sənəd ilk növbədə göstərdi ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə dostluq və qardaşlıq prinsiplərinə deyil, həm də konkret siyasi, iqtisadi və hərbi müttəfiqlik mexanizmlərinə əsaslanır.
Bəyannamənin əsas strateji mesajlarından biri ondan ibarətdir ki, regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması üçün Azərbaycan və Türkiyə bundan sonra da birlikdə fəaliyyət göstərəcəklər. Sənəd hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidə qarşı ortaq mövqe nümayiş etdirəcəyini təsdiqləyir.
Şuşa Bəyannaməsi eyni zamanda dünyaya göstərdi ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində regionda yeni reallıqlar yaradıb və bu reallıqlar artıq beynəlxalq münasibətlər sistemində qəbul olunur. Şuşada imzalanan müttəfiqlik sənədi Azərbaycanın güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmiş, Türkiyənin isə regionda etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmişdir.
Bəyannamənin digər mühüm strateji mesajı Türk dünyasının birliyinin gücləndirilməsi ilə bağlıdır. Sənəd türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə, ortaq maraqların müdafiəsinə və inteqrasiya proseslərinin sürətlənməsinə mühüm töhfə verir. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə iki ölkə arasında deyil, bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyət daşıyan strateji sənəd hesab olunur.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, regionun təhlükəsizlik arxitekturasına, iqtisadi əməkdaşlığına və siyasi sabitliyinə xidmət edən mühüm strateji mesajlar ehtiva edir. Bu sənəd “Bir millət, iki dövlət” prinsipinin müasir dövrdə ən parlaq təcəssümü kimi tarixdə qalacaqdır.
Cahan Bayramlı,
YAP Xətai təşkilatının fəalı