10 iyun 2026 14:01
147

Azərbaycan-Türkiyə qardaşlığının strateji təcəssümü - Şuşa Bəyannaməsi

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın əsas təminatlarından biri kimi çıxış edir. Tarixi, mədəni, dini və mənəvi bağlılığa əsaslanan münasibətlər isə bu əməkdaşlığın daha möhkəm və uzunmüddətli olmasını şərtləndirir. Azərbaycan və Türkiyə arasında formalaşmış münasibətlər məhz belə möhkəm təməllər üzərində qurulmuş, zaman keçdikcə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. İki qardaş ölkə arasında qarşılıqlı etimad, ortaq maraqlar və birgə fəaliyyət prinsipləri regionun siyasi mənzərəsinə mühüm təsir göstərən amillərdən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz bu tarixi yaxınlığın və qardaşlığın siyasi-hüquqi ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra Qarabağın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd yalnız iki dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirməmiş, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqların mühüm siyasi manifestinə çevrilmişdir.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlər üzrə inkişafını nəzərdə tutan, geniş və çoxşaxəli əməkdaşlıq mexanizmlərini özündə ehtiva edən mühüm strateji sənəddir. Bəyannamə ilə iki dövlət arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, humanitar və mədəni münasibətlər, təhsil, elm, informasiya mübadiləsi və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində mühüm hədəflər müəyyən edilmişdir.

Bu sənədin verdiyi əsas strateji mesajlardan biri Azərbaycan və Türkiyənin bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacağını, ortaq maraqların müdafiəsində vahid mövqedən çıxış edəcəyini nümayiş etdirməsidir. Şuşa Bəyannaməsi göstərdi ki, “Bir millət, iki dövlət” prinsipi yalnız siyasi şüar deyil, konkret hüquqi və siyasi öhdəliklərlə möhkəmləndirilmiş dövlətlərarası münasibətlər modelidir. Məhz buna görə də Bəyannamə iki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə təsdiqi kimi qiymətləndirilir.

Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyəti onun yalnız ikitərəfli münasibətləri əhatə etməsi ilə məhdudlaşmır. Sənəd regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyi, enerji və nəqliyyat layihələrində oynadığı mühüm rol, həmçinin beynəlxalq təhlükəsizlik məsələlərinə töhfəsi bu müttəfiqliyin regional və qlobal əhəmiyyətini daha da artırır.

Bəyannamə iqtisadi sahədə əməkdaşlığın yeni perspektivlərini də müəyyən etmişdir. Qarşılıqlı investisiyaların artırılması, yeni sənaye və logistika layihələrinin həyata keçirilməsi, ticarət dövriyyəsinin genişləndirilməsi, enerji və nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi iqtisadi inkişaf üçün əlavə imkanlar yaratmaqla yanaşı, regionda əlverişli investisiya mühitinin formalaşmasına da mühüm töhfə verir.

Şuşa Bəyannaməsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məsələləri də xüsusi yer tutur. Türkiyə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində fəal iştirakı qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin daha bir nümunəsidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına və bölgənin iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.

Sənəddə xarici siyasət məsələlərinə dair müddəaların yer alması da xüsusi diqqət çəkir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmək, regional və qlobal məsələlərdə fəaliyyətlərini əlaqələndirmək niyyətlərini bir daha təsdiqləmişlər. Bu, hər iki ölkənin beynəlxalq nüfuzunun daha da artmasına, milli maraqlarının müdafiəsində mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Müdafiə sahəsində qarşılıqlı yardım və əməkdaşlıq məsələlərinin sənəddə öz əksini tapması Azərbaycan-Türkiyə münasibətlərində tarixi nailiyyət hesab olunur. Bu müddəalar regionda sülhün və sabitliyin qorunmasına xidmət etməklə yanaşı, hər hansı təhdid və təhlükələrə qarşı birgə fəaliyyətin hüquqi əsaslarını daha da möhkəmləndirir.

Bəyannamə eyni zamanda revanşist qüvvələrə mühüm mesaj vermişdir. Bu sənəd göstərdi ki, Azərbaycan və Türkiyə regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələsində qətiyyətli mövqe nümayiş etdirir və əldə edilmiş tarixi nailiyyətlərin qorunması üçün birgə fəaliyyət göstərmək əzmindədir.

İnformasiya mübadiləsi, media əməkdaşlığı və ictimai diplomatiyanın inkişafı da Bəyannamədə əks olunan mühüm istiqamətlərdəndir. Müasir dövrdə informasiya təhlükəsizliyinin artan əhəmiyyəti nəzərə alınaraq bu sahədə əməkdaşlığın genişləndirilməsi xüsusi önəm daşıyır. Eyni zamanda təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi xalqlarımız arasında mövcud olan qardaşlıq bağlarını daha da möhkəmləndirir.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, strateji tərəfdaşlığının və müttəfiqliyinin ən mühüm siyasi-hüquqi ifadəsi kimi tarixdə öz layiqli yerini tutmuşdur. Sənəd iki dövlət arasında münasibətlərin gələcək inkişafının etibarlı təminatı olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə xidmət edən mühüm strateji platforma kimi çıxış edir. Azərbaycan və Türkiyə arasında formalaşmış müttəfiqlik münasibətləri bundan sonra da hər iki dövlətin milli maraqlarına, xalqlarımızın rifahına və regionun sabit inkişafına mühüm töhfələr verməyə davam edəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri