11 iyun 2026 16:22
94

15 iyun müstəqilliyin qorunması və dövlətçilik iradəsinin təntənəsidir

Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan 15 İyun Milli Qurtuluş Günü ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişaf kursunun müəyyənləşdirilməsi baxımından taleyüklü hadisə kimi qiymətləndirilir. Bu tarix təkcə hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi mərhələsinə qədəm qoymasının başlanğıcı kimi xarakterizə olunur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb siyasi, hərbi və iqtisadi şəraitlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqların işğalı, ölkə daxilində siyasi qeyri-sabitlik, idarəetmə böhranı və müxtəlif silahlı qruplaşmaların fəaliyyəti dövlətçiliyin gələcəyini ciddi təhlükə altında qoyurdu. 1991-1993-cü illər ərzində baş verən proseslər göstərirdi ki, yeni müstəqillik qazanmış ölkənin qarşısında duran əsas vəzifə yalnız dövlət atributlarını formalaşdırmaq deyil, eyni zamanda həmin dövlətin mövcudluğunu qorumaq idi. Həmin dövrdə siyasi qarşıdurmaların dərinləşməsi, separatizm meyillərinin güclənməsi və iqtisadi tənəzzül Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin yayında vəziyyət kulminasiya nöqtəsinə çatmış, ölkədə idarəetmə sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Dövlət müstəqilliyinin taleyi sual altında idi və cəmiyyət ölkəni böhrandan çıxara biləcək güclü siyasi liderə ehtiyac duyurdu. Məhz belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqı ümidini böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalqın və siyasi dairələrin təkidli çağırışlarına cavab verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və qısa müddət ərzində ölkədə sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atdı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonralar Milli Məclisin qərarı ilə həmin günün Milli Qurtuluş Günü kimi təsis edilməsi bu hadisənin dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətinin rəsmi təsdiqinə çevrildi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində nizam-intizamın yaradılması, qanunçuluğun bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və ölkənin parçalanma təhlükəsindən xilas edilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi məhz həmin dövrdə strateji prioritetə çevrildi. Milli Qurtuluşdan sonra Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədi dövlət müstəqilliyinin dönməzliyini təmin etmək idi. Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik yaradıldı, idarəetmə sistemi formalaşdırıldı və dövlət institutlarının fəaliyyəti gücləndirildi. 1994-cü ildə əldə edilən atəşkəs qərarı ölkənin iqtisadi və siyasi inkişafı üçün əlverişli şərait yaratdı. Eyni zamanda, Azərbaycanın enerji strategiyasının əsasını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və gələcək iqtisadi yüksəlişin təməlini qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyanın qəbul edilməsi, ilk parlament seçkilərinin keçirilməsi və çoxpartiyalı siyasi sistemin formalaşdırılması müstəqil dövlət quruculuğunun mühüm mərhələləri kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndi, regional və qlobal layihələrdə rolu artdı. Müstəqil xarici siyasət kursu Azərbaycanın milli maraqlarının müdafiəsini təmin etməklə yanaşı, ölkənin geosiyasi əhəmiyyətini də artırdı. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi məhz həmin dövrdə formalaşdı. 

Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında 1993-cü ildən etibarən formalaşdırılmış dövlətçilik modeli dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu müasir çağırışlara uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldilib. Azərbaycan son illərdə iqtisadi inkişaf, regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq nüfuz sahəsində mühüm uğurlar qazanıb. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyinin tam bərpa olunması müasir Azərbaycan dövlətinin gücünü və siyasi iradəsini nümayiş etdirdi. Bu nailiyyətlər eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və milli inkişaf konsepsiyasının uğurlu nəticələri kimi qiymətləndirilir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətçilik iradəsinin və müstəqilliyə sadiqliyinin rəmzidir. Bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dövlət institutlarının formalaşmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində həlledici rol oynayıb. 

Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və hərbi gücünü daha da artırır, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir, Böyük Qayıdış proqramını uğurla reallaşdırır. Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram deyil, həm də dövlətçilik ənənələrinin, milli birliyin və müstəqillik ideallarının gələcək nəsillərə ötürülməsinin simvoludur. Azərbaycan xalqı bu tarixi günü müasir dövlətçiliyin xilası, sabit inkişafın başlanğıcı və müstəqil Azərbaycanın gələcək uğurlarının əsasını qoyan dönüş nöqtəsi kimi qeyd edir.

Tahir Mirkişili,

Milli Məclisin deputatı