Azərbaycanda qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu istiqamətdə növbəti tədbir media nümayəndələrinin iştirakı ilə Quba Regional Təlim Mərkəzində keçirlib.
Media nümayəndələri ilə görüşü zamanı Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə qəhvəyi mərmər bağacığına qarşı aparılan maarifləndirmə tədbirlərinin davamlı şəkildə genişləndirildiyini bildirib. O qeyd edib ki, zərərvericinin yayılmasının qarşısının alınması yalnız kimyəvi və bioloji mübarizə tədbirləri ilə deyil, eyni zamanda əhalinin və xüsusilə gənc nəslin məlumatlandırılması ilə mümkündür.
Direktorun sözlərinə görə, cari il ərzində ölkənin müxtəlif bölgələrini əhatə edən 12 rayonda yerləşən 67 ümumtəhsil müəssisəsində məlumatlandırıcı görüşlər keçirilib. Tədbirlər zamanı müəllim və şagird heyətinə qəhvəyi mərmər bağacığının biologiyası, çoxalma xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib.
Rəşad Mehdizadə bildirib ki, maarifləndirmə tədbirlərində əsas məqsəd erkən müşahidə və operativ məlumatlandırma mexanizmini gücləndirməkdir. Onun sözlərinə görə, vətəndaşların zərərvericini tanıması və aidiyyəti qurumlara vaxtında məlumat verməsi yayılma riskinin azaldılmasına mühüm töhfə verir. Təlimlər çərçivəsində iştirakçılara profilaktik tədbirlər, aqrotexniki üsullar və təhlükəsiz mübarizə metodları barədə də məlumat təqdim olunub.
O əlavə edib ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda təlim və maarifləndirmə fəaliyyətlərinin coğrafiyası mərhələli şəkildə genişləndirilir.
Bu istiqamətdə növbəti Regional Təlim Mərkəzi Xankəndidə fəaliyyətə başlayıb. Regional Təlim Mərkəzinin yaradılması işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Mərkəzin əsas məqsədi Qarabağa qayıdan və aqrar fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların bilik və bacarıqlarının formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda, mərkəz kənd təsərrüfatı sahəsində fəaliyyətə yeni başlayan şəxslərə fəaliyyətlərini düzgün və səmərəli şəkildə qurmaqda dəstək verərək, regionda dayanıqlı aqrar inkişafın təşviqinə töhfə verir.
Eyni zamansa Zaqatala və Tovuz mərkəzlərinin yaradılması da birbaşa regional ehtiyaclarla bağlıdır. Bu bölgələr kənd təsərrüfatı məhsullarının ixracında mühüm yer tutduğundan, mərkəzlər də həmin istiqamətdə formalaşan tələbat əsasında yaradılıb. Balakən, Zaqatala və Qax rayonlarında fındıqçılıq, Tovuz, Ağstafa və Qazax rayonlarında isə pomidor və digər tərəvəzlərin yetişdirilməsi geniş şəkildə həyata keçirilir. Bu ərazilərdə qəhvəyi mərmər bağacığının vurduğu zərərin qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsi və zərərverici ilə mübarizə sahəsində bilik və bacarıqlarının gücləndirilməsinə ciddi zərurət yarandı. Məhz bu ehtiyaclar nəzərə alınaraq yaradılan hər iki mərkəz zərərvericilərə qarşı mübarizə tədbirləri barədə maarifləndirmənin təşkili, habelə aqrar sahənin inkişafına dəstək verən təlim və məsləhət xidmətlərinin göstərilməsi istiqamətində fəal fəaliyyət göstərir.
Bu fəaliyyətlər fermerlərin və təsərrüfat sahiblərinin məlumatlılığının artırılmasına, həmçinin zərərvericinin yaratdığı risklərin minimuma endirilməsinə xidmət edir. Qarşıdakı dövrdə də bu istiqamətdə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi və regional əhatənin artırılması nəzərdə tutulur.
Yaqut Ağaşahqızı,"İki sahil"