01 iyul 2026 11:00
140

Şəhərsalmada estetik reklam mühiti: Müasir yanaşmalar və  prioritetlər

ADRA-nın həyata keçirdiyi tədbirlər reklam daşıyıcılarının şəhər mühitinə inteqrasiyasını, vizual nizam-intizamın təmin edilməsini və estetik baxımdan daha keyfiyyətli reklam mühitinin formalaşdırılmasını hədəfləyir

Şəhərlər hər bir dövlətin inkişaf səviyyəsini, memarlıq zövqünü və mədəni kimliyini əks etdirən ən mühüm göstəricilərdən biridir. Müasir şəhərsalma yalnız yeni yaşayış məkanlarının inşasını deyil, həm də funksional, estetik və dayanıqlı urban mühitin formalaşdırılmasını, tarixi-mədəni irsin qorunmasını və şəhər məkanının bütün elementləri arasında harmoniyanın təmin edilməsini özündə ehtiva edir.

Şəhər məkanının ayrılmaz tərkib hissəsi olan reklam infrastrukturu da bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Reklam daşıyıcılarının düzgün planlaşdırılması və yerləşdirilməsi, onların memarlıq ansamblları ilə vəhdət təşkil etməsi, tarixi və müasir şəhər mühitinin vizual bütövlüyünün qorunması, eləcə də estetik meyarların gözlənilməsi şəhərsalma siyasətinin mühüm istiqamətlərindən biridir. Reklam yalnız informasiya vasitəsi deyil, eyni zamanda, şəhərin vizual mədəniyyətini formalaşdıran, onun simasına və estetik dəyərinə təsir göstərən mühüm urban elementdir. Bu baxımdan reklam mühitinin müasir şəhərsalma və memarlıq prinsiplərinə uyğun şəkildə tənzimlənməsi xüsusi aktuallıq kəsb edir.

“Şəhərsalma və Memarlıq İli" çərçivəsində reklam infrastrukturunun inkişaf istiqamətləri, şəhər estetikasının qorunması, reklam daşıyıcılarının memarlıq mühiti ilə uzlaşdırılması, vizual çirklənmənin qarşısının alınması və bu sahədə nəzərdə tutulan yeniliklərlə bağlı "İki sahil" qəzetinin suallarını Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri cavablandırır.

-“Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər mühitinin formalaşdırılmasında reklam infrastrukturunun (bilbordlar, LED ekranlar və s.) rolu necə qiymətləndirilir?

-Müasir şəhər mühitində reklam infrastrukturu yalnız kommersiya informasiya daşıyıcısı deyil, həm də şəhərin vizual məkanının tərkib hissəsi hesab olunur. Buna görə reklam qurğularının yerləşdirilməsi zamanı onların şəhərin memarlıq görünüşünə, küçə panoramına və ictimai məkanların estetik dəyərinə təsiri nəzərə alınır. ADRA-nın həyata keçirdiyi tədbirlər reklam daşıyıcılarının şəhər mühitinə inteqrasiyasını, vizual nizam-intizamın təmin edilməsini və estetik baxımdan daha keyfiyyətli reklam mühitinin formalaşdırılmasını hədəfləyir.

-Yeni şəhərsalma layihələrində reklam daşıyıcılarının yerləşdirilməsi əvvəlcədən planlaşdırılırmı, yoxsa mövcud urban mühitə inteqrasiya prinsipi əsas götürülür?

-Hər iki yanaşma tətbiq olunur. Yeni salınan ərazilərdə və iri şəhərsalma layihələrində reklam qurğularının yerləşdirilməsi şəhərsalma sənədləri, yol infrastrukturu və ictimai məkanların təşkili ilə uzlaşdırılaraq planlaşdırılır. Mövcud urban mühitdə isə reklam qurğularının yerləşdirilməsi ərazinin memarlıq xüsusiyyətləri, nəqliyyat hərəkətinin təhlükəsizliyi, piyada axınları və ətraf mühitin vizual yükü nəzərə alınmaqla həyata keçirilir. Bu zaman açıq məkanda reklam yerləşdirilməsinə dair normativ tələblər əsas götürülür.

-Şəhər memarlıq görünüşünün qorunması baxımından tarixi və mərkəzi ərazilərdə reklamların yerləşdirilməsinə dair hansı xüsusi məhdudiyyətlər tətbiq olunur?

-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş "Açıq məkanda reklamın yerləşdirilməsi Qaydaları"na əsasən, tarix və mədəniyyət abidələrinin, eləcə də memarlıq irsi obyektlərinin qorunması məqsədilə bir sıra tələblər müəyyən edilib. Belə ki, reklam qurğularının tarixi və memarlıq abidələrinin fasadlarında, dam örtüklərində, eyvanlarında, dekorativ elementlərini örtəcək və ya onların görünüşünü pozacaq şəkildə yerləşdirilməsinə yol verilmir. Bu yanaşmanın əsas məqsədi şəhərin tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin unikallığının saxlanılması və reklam fəaliyyətinin şəhər estetikası ilə harmonik şəkildə uzlaşdırılmasıdır.

-Reklamların şəhər estetikası ilə uyğunlaşdırılması zamanı vahid dizayn standartları və ya konsepsiya sənədi mövcuddurmu?

-Açıq məkanda reklamın yerləşdirilməsi vahid normativ prinsiplər əsasında tənzimlənir. Reklam qurğularının ölçüləri, konstruktiv xüsusiyyətləri, təhlükəsizlik tələbləri və yerləşdirilmə meyarları normativ sənədlərlə müəyyən edilir. Bununla yanaşı, müxtəlif şəhər və rayonlar üzrə memarlıq xüsusiyyətləri nəzərə alınaraq fərqli yanaşmalar tətbiq oluna bilər. ADRA-nın fəaliyyətində əsas məqsədlərdən biri reklam daşıyıcılarının estetik baxımdan şəhər mühitinə uyğunlaşdırılması və vizual harmoniyanın təmin edilməsidir.

-Rəqəmsal reklamların (LED ekranlar, media fasadlar) artması şəhər memarlıq kompozisiyasına necə təsir edir və bu təsirin tənzimlənməsi hansı qaydalarla aparılır?

-Rəqəmsal reklam daşıyıcıları informasiyanın operativ və geniş auditoriyaya çatdırılması imkanlarını artırsa da, onların həddindən artıq tətbiqi şəhər məkanında vizual yüklənməyə və estetik balansın pozulmasına səbəb ola bilər. Buna görə LED ekranların və digər rəqəmsal reklam vasitələrinin yerləşdirilməsi zamanı yol hərəkətinin təhlükəsizliyi, ekranın ölçüsü və ətraf memarlıq mühitə təsiri nəzərə alınır. Belə ki, rəqəmsal reklamların tətbiqi şəhərin estetik görünüşü və ictimai təhlükəsizlik prinsipləri ilə balanslaşdırılmalıdır.

-Şəhərsalma layihələrində reklam zonalarının müəyyənləşdirilməsi prosesində memarlıq və urbanistika prinsipləri necə nəzərə alınır?

-Reklam qurğularının yerləşdirilməsi zamanı ərazinin funksional təyinatı, nəqliyyatın intensivliyi, memarlıq ansamblları, yaşıllıq sahələri, ictimai məkanlar və şəhərlərin memarlığı nəzərə alınır. Məqsəd reklam daşıyıcılarının təsadüfi deyil, şəhər məkanının ümumi kompozisiyasına uyğun şəkildə yerləşdirilməsini təmin etməkdir. Bu yanaşma reklamın iqtisadi funksiyası ilə şəhər estetikası arasında tarazlıq yaratmağa xidmət edir.

-Vizual çirklənmənin qarşısının alınması məqsədilə reklam sahəsində hansı sistemli optimallaşdırma və ixtisar tədbirləri həyata keçirilir?

-Son illər açıq məkanda reklam sahəsində əsas istiqamətlərdən biri qanunvericiliyin tələblərinə cavab verməyən reklam qurğularının sökülməsi, normativ tələblərə cavab verməyən reklamların yığışdırılması və reklam daşıyıcılarının muasir tipli reklam qurğuları ilə əvəzlənməsidir. ADRA tərəfindən aparılan monitorinqlər nəticəsində şəhər mühitində vizual qarışıqlıq yaradan reklam elementlərinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu proses şəhər məkanının daha səliqəli və estetik görünüşünün formalaşdırılmasına xidmət edir.

-“Şəhərsalma və Memarlıq İli” çərçivəsində reklam mühitinin daha estetik və funksional formaya gətirilməsi üçün yaxın dövr üçün hansı yeniliklər planlaşdırılır?

-Yaxın dövrdə reklam infrastrukturunun daha da rəqəmsallaşdırılması, şəhər estetikasına uyğun yeni nəsil reklam daşıyıcılarının tətbiqi, reklam yerlərinin səmərəli planlaşdırılması və vizual çirklənmənin azaldılması tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur. Həmçinin reklam qurğularının şəhər memarlıq mühiti ilə daha sıx inteqrasiyası, innovativ dizayn həllərinin tətbiqi və şəhərlərin reklam mühitinin estetik keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biri kimi qiymətləndirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”