01 iyul 2026 11:02
210

“Türk Dünyası Həftəsi” yaddaşlarda silinməz iz qoyacaq

“Türk dünyasının birliyinin möhkəmləndirilməsi bütün dövrlərdə əsas çağırışlar sırasındadır. Azərbaycanın bu birliyə verdiyi töhfələrin davamlılığı türk dövlətləri tərəfindən də daim yüksək dəyərləndirilir, təqdir edilir.  İyunun 29-dan iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” də bunun bariz nümunəsidir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyev  ötən il  Qəbələdə keçirilən Türk Dövləti Təşkilatının  Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq  100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etmişdir. İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirildi. “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla, ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak etdi. Cənab İlham Əliyev “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün bu gün reallaşmasından məmnunluğunu ifadə edərək  tədbirin  Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası olduğunu qeyd etdi.  Bu mühüm məqam da xüsusi vurğulandı  ki, Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun 1926-cı ildə  məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı”.  

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Qurultayın  bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynayıb: “Hazırda türk dövlətlərini bir araya gətirərək nüfuzunu günbəgün artıran  Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. Sözügedən Qurultayın əhəmiyyəti “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətlərdə, həmçinin  tədbirdəki çıxışlarda səsləndirilən fikirlərdə də  özünün aydın ifadəsini tapdı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciətində bildirdi ki, Qurultay türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayır. Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün türk dünyasının ortaq məsuliyyətidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birinci Türkoloji Qurultayın qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrildiyini, Azərbaycanın  bu gün türk dünyasında xüsusi yer tutduğunu qeyd etdi. Qırğız  Prezidenti Sadıq Japarov  müraciətində 100 il əvvəl Bakıda “Dildə, fikirdə və əməldə birlik” şüarı altında Türk dünyasının intellektual dirçəlişinin əsasının qoyulduğunu vurğuladı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi və mədəni həyatında yeni bir mərhələnin əsasını qoyan böyük tarixi hadisə kimi dəyərləndirdi. Türk Dövlətləri Təşkilatının  Baş katibi Kubanıçbek Ömüralıyev “Türk Dünyası Həftəsi”nin açılış mərasimindəki çıxışında bildirdi ki, 100 il əvvəl Türkoloji Qurultayda səsləndirilən ideyalar bu gün də öz aktuallığını qoruyur. Xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın inkişafı və ortaq dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır. Bu birliyin əsasını da Türk dövlətlərinin siyasi iradəsi təşkil edir. Türk dövlətləri və xalqları bu ideyalardan ilham alaraq türk dünyasının elmi, mədəni və humanitar əlaqələrini daha da inkişaf etdirməkdədir”.

Millət vəkili vurğulayıb ki, Qurultayın bu günümüz üçün əhəmiyyətini özündə ehtiva edən fikirləri xeyli sayda sadalaya bilərik: “Reallıq budur ki, bütün dövrlər üçün  diqqətdə olan Türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edən addımlar davamlı olub və bu gün də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyev Türk dünyasını böyük ailə kimi dəyərləndirərək hər zaman bu çağırışı  edir ki, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Malik Həsənov bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Türk dünyasının birliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır: “Son beş ildən ardıq dövrdə bu birliyə hədəflənən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk dövlətləri arasında əlaqələrin dünəni, bu günü gələcəyi barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev “Türk Dünyası Həftəsi”nin müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcəyinə, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacağına və yaddaşlarda silinməz iz qoyacağına əminliyini ifadə etdi”.