08 iyul 2026 12:40
92

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir

“İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizdə işgüzar səfərdə oldu. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, həmçinin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayan bu səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin  Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək, həmçinin geniş tərkibdə görüşü oldu, mətbuata bəyanatlarla çıxış etdilər. Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əlaqələrimizi genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu bildirən Ursula Fon der Lyayen isə vurğuladı ki,  münasibətlərimiz möhkəm təməllər üzərində inkişaf edir.  Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsini və göstərdiyi liderliyi yüksək dəyərləndirən Avropa Komissiyasının Prezidenti onu da qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ilin iyulunda enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandiminin imzalanmasından sonra ölkəmizdən Avropa İttifaqının üzv dövlətlərinə qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi. Belə ki, həmin vaxtdan quruma üzv dövlətlərə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, Ölkəmiz bu coğrafiyanı genişləndirmək potensialına malikdir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır”.  

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında uzunmüddətli strategiyasının həyata keçirilməsində əsas tərəfdaş kimi qəbul edir: “Enerji təhlükəsizliyi artıq qaz və ya neft təchizatı ilə məhdudlaşmır. Nəqliyyat marşrutlarının dayanıqlılığı, infrastrukturun inkişafı, rəqəmsal şəbəkələr, elektrik ötürmə sistemləri və yeni logistika zəncirləri də bura daxildir. Məhz buna görə də Azərbaycan bir neçə istiqamətdə Avropa İttifaqı üçün vacib ölkəyə çevrilir. Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında bütün bu reallıqlara diqqəti yönəldərək bildirdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkilini təklif edən Ursula Fon der Lyayen bildirdi ki, Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik”.

Malik Həsənov vurğulayıb ki, səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda diqqət göstərilən əsas məsələlərdən biri, təbii ki, bağlantı məsələsi oldu: “Azərbaycan regional daşımalar layihələrinin fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Yeni geosiyasi vəziyyətə gəldikdə  ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Ölkəmiz bütün bunları cədvələ və öz maliyyə imkanlarına uyğun edir”.

Millət vəkili bildirib ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yeni iqtisadi layihələrin həyata keçirilməsini, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsini şərtləndirir: “Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması diqqət göstərilən əsas məsələlərdən oldu. Prezident İlham Əliyev sülhün artıq reallıq olduğunu önə çəkərək bildirdi ki, lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk. Bütün bunlar regiondakı dinamikanı gücləndirərək Cənubi Qafqazı hər hansı ərazi iddialarından, münaqişədən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh regionuna çevirəcək. Ursula Fon der Lyayen Avropa İttifaqının Cənubi Qafqaz regionunun parlaq gələcəyinə inandığını bildirərək bu çağırışı etdi ki, gəlin, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq”.