08 iyul 2026 18:39
136

Utanmayan təkcə terrorçu-separatçılardırmı?...

Azərbaycan 44 günlük Vətən müharibəsi, həmçinin 23 saatlıq lokal antiterror tədbirləri zamanı öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə təkcə hərbi-siyasi qələbə qazanmadı. Eyni zamanda, Azərbaycanın suveren ərazilərində xalqımıza, insanlığa qarşı cinayətlər törədən separatçıları ədalət mühakiməsi qarşısına çıxardı. Nəticədə Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin aparılması, terrorçuluq və digər çoxsaylı ağır cinayətlərdə təqsirli bilinən işğalçı rejimin sabiq rəhbəri Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, qondarma rejimin qondarma “parlament”nin sədri Davit İşxanyan, "müdafiə ordusu"nun komandanının müavini David Manukyan və "müdafiə ordusu"nun komandiri Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildilər. Digər separatçılar- Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum olundular. Amma bu hökmlə razılaşmayan separatçılar apelyasiya şikayəti verdilər.

Hazırda Bakı Apelyasiya Məhkəməsində erməni separatçılarının apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir.  İyulun 7-də keçirilən prossesdə onlar elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini, verilmiş hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Məhkəmənin növbəti iclası iyulun 10-da keçiriləcək.

Xatırladaq ki, müdafiə tərəfinin apelyasiya şikayəti verməsi və hökmün ləğvini istəməsi cinayət-prosessual qanunvericiliyin nəzərdə tutduğu hüquqi mexanizmdir. Bu həm də Azərbaycanın terrorçulara münasibətdə də hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Ölkəmiz bu proseslə həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, onun üçün beynəlxalq qanunlar önəmlidir. Şübhəsiz, onların tələblərinin əsaslı olub-olmamasına məhkəməyə təqdim olunan sübutlar və hüquqi arqumentlər əsasında qiymət veriləcək. Amma törətdikləri cinayətləri tam sübut olunmuş bu separatçıların hansı məntiqlə belə bir addım atmaları təəccüb doğurur. Bəli, onlar bu gün ədalət axtarışındadırlar. Görəsən, separatçılar hansı üzlə özlərini süddən çıxmış ağ qaşıqlar kimi aparırlar? Halbuki onların özləri də məhkəmə prosesində hərbi cinayətlər törətdiklərini etiraf ediblər. Bu yerdə yaxşı deyiblər, utanmasan, oynamağa nə var ki?

Amma etiraf edək ki, utanmayan təkcə onlar deyil. Belə ki, dünyanın bir qrup ermənipərəst siyasətçiləri mühakimə olunaraq cəzalandırılmış və layiq olduqları cəzanı almış separatçıları hələ də müdafiə etməkdə davam edirlər. Hətta onları azad etməyə çağıran bəyanat da yayırlar.  Halbuki həmin ermənipərəstlər özləri də yaxşı bilirlər ki, separatçıların törətdikləri cinayətlər bağışlanılmazdır. Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı aktında birbaşa rol oynamış müharibə cinayətkarlarına heç bir halda bəraət verilə bilməz. Məsələn, bu yaxınlarda ABŞ ermənipərəstliyinin bədnam sifətinə çevrilmiş konqresmen Bred Şerman yenə bu məsələni, daha doğrusu, “Azərbaycandakı bütün erməni əsirlərin dərhal azad edilməsini” qaldırıb. Onun sözlərinə görə, guya onların azad edilmələri ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhə yönəlmiş səyləri ilə birbaşa əlaqəli imiş.  Hətta o, utanıb-qızarmadan bildirib ki, onlar həbsxanalardan azad edilənə və ailələrinə qayıtmaq imkanı verilənə qədər əsl və davamlı sülh olmayacaq. Halbuki bu məsələnin sülh danışıqlarına əsla aidiyyəti yoxdur. Artıq təkzibolunmaz faktdır ki, bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Cənubi Qafqazda de-fakto sülh bərqərar olub. Hadisələrin gedişatı da yaxın dönəmdə de-yure sülhün əldə olunacağına əminlik yaradır.

Qvami Məhəbbətoğlu, “İki sahil”