09 iyul 2026 17:54
148

Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq arenada etibarlı və strateji tərəfdaş kimi mövqeyini gündən-günə möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfəri bu dinamikaya yeni nəfəs gətirmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı mətbuata bəyanatla çıxış edərək ikitərəfli əlaqələrin bu günü və gələcəyi, həm də regional proseslər barədə konseptual tezisləri diqqətə çatdırmışdır.
Prezident İlham Əliyev öz bəyanatında ilk növbədə vurğulamışdır ki, hazırda Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu dövr qəbul olunmuş strateji qərarların real müstəvidə icra edildiyi bir mərhələdir. Dövlət başçısının qeyd etdiyi digər mühüm tezis əməkdaşlığımızın müsbət mənada sürətlə inkişaf etməsidir. Bu sürətli inkişaf siyasi dialoqdan tutmuş nəqliyyat-logistika dəhlizlərinə qədər geniş bir spektri əhatə edir. Münasibətlərin iqtisadi sütunlarına toxunarkən Prezident rəsmi faktı xatırlatmışdır: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu tərəfdaşlıq çərçivəsində ticarət dövriyyəsinin həcmi Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, Avropa strukturları ilə inteqrasiyanı da sürətləndirir.
Müasir dünyada baş verən geosiyasi böhranlar fonunda dövlətimizin başçısı haqlı olaraq bəyan etmişdir ki, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan transmilli layihələri ilə tərəfdaş ölkələrin milli təhlükəsizliyinə fundamental töhfə verməkdədir. Bununla yanaşı, Avropa Komissiyası ilə münasibətlərin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Xəzər dənizinin, Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji potensialı ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji şəbəkəsinin də ayrılmaz hissəsinə çevirir.
İlham Əliyevin bəyanatında regional sabitlik məsələləri də geniş yer almışdır. Dövlət başçısı Ursula Fon der Lyayen ilə görüşdə regional təhlükəsizlik məsələlərini, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini geniş şəkildə müzakirə etdiklərini bildirmişdir. Azərbaycanın sülhə sadiqliyi sadəcə bəyanatlardan ibarət deyil. Prezident qeyd etmişdir ki, sülhün təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss edildiyini nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atılmışdır. Postmünaqişə dövründə humanitar və quruculuq təşəbbüsləri irəli sürən ölkəmiz sülhün real məkanda əks olunmasını təmin edir.
Bəyanatın ən humanist hissəsi sülh şəraitində yaşamaq fəlsəfəsi ilə bağlıdır. Prezident İlham Əliyev vurğulamışdır: biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Otuz ilə yaxın davam edən işğaldan sonra regionda sülh mədəniyyətini bərpa etmək böyük müdriklik tələb edir. Azərbaycan xalqı bu gün sabitliyi və işğaldan azad edilmiş torpaqlarda gedən bərpa işlərini öz gündəlik həyatında hiss edir.
Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixində verdiyi bəyanat Azərbaycanın xarici və regional siyasətinin real aynasıdır. Bu bəyanat bir tərəfdən ölkəmizin Avropa İttifaqı üçün əvəzedilməz strateji iqtisadi və enerji tərəfdaşı olduğunu təsdiqləyir, digər tərəfdən isə regional sülhə, bərpaolunan enerjiyə və qlobal əməkdaşlığa verilən ali önəmi nümayiş etdirir.

İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri