13 iyul 2026 10:12
82

Ermənistan Rusiyadan qopur?

Erməni toplumu həyəcan içərisində, siyasi elita maraq mövqeyində, müxaliflər sevinc əhval-ruhiyyəsində hər şeyin nə ilə nəticələnəcəyini gözləməkdədirlər. Hakimiyyət dairələrində isə baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri narahatlıqla müzakirə olunur. Bir neçə gün əvvəl Yekaterinburq şəhərində keçirilən beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Rusiyaya yollanan və bu səfərin təşəbbüskarı olan Nikol Paşinyan rəsmi Moskvanı razı sala bilməyib, nəticədə o, ixrac məsələsinin həlli ilə bağlı ictimaiyyət qarşısında verdiyi vədi də yerinə yetirməmiş olub.

Bu barədə Ermənistanın nüfuzlu “Hraparak” qəzeti geniş məlumat yayıb. Məqalədə deyilir: “Seçki ərəfəsindəki çıxışlarında Nikol  Paşinyan seçicilərə əminliklə Moskvaya səfər edəcəyini və bir neçə gün ərzində ixracla bağlı bütün problemləri həll edəcəyini vəd etmişdi. O, Moskvaya səfər etsə də, ixracla bağlı qaldırdığı məsələlərin heç biri öz həllini tapmadı. Rusiya tərəfi onu soyuqqanlılıqla dinləyərək əvvəlki mövqeyini bir daha təkrarladı: “Sizin məhsullarınız bizim bazarın tələblərinə cavab vermir”.

Quru və münasibətsiz bir cavab özlüyündə çox məsələni ehtiva edir. Əslində belə cavab inadkar Ermənistan hakimiyyətinə birbaşa təsirdir. Aydın görünür ki, baş nazir Paşinyan faktiki olaraq Rusiya ilə Avropa İttifaqı arasında qəti seçim etməyə sövq edilir. Rəsmi Moskvanı hətta öz adamları saydıqları Samvel Karapetyan və Qagik Sarukyanın taleyi də maraqlandırmır. Çünki başlıca məsələ onların harada, nə işlə məşğul olduqları deyil, Ermənistanı tutduğu Qərb və Avropa yolundan geri qaytarmaqdır. İndilikdə yeganə tələb isə hələlik ABŞ-ın dəstəklədiyi TRİPP layihəsindən imtina etmək və Avrasiya İqtisadi İttifaqı ilə oyun oynamaqdan əl çəkməkdir”.

Lakin baş nazir Nikol Paşinyan təzyiq və təsirlərə əhəmiyyət vermir, öz xəttini yeridir, sanki saymazyana oyun oynayır. Hadisələrə guya seyrçi münasibət göstərən Rusiya nəhayət, Ermənistana qəzəbini bildirib.

Siyasi və iqtisadi cəhətdən Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistanın köhnə ağasından uzaqlaşmağa qərar verməsi və bu istiqamətdə konkret addımlar atması onun şimal qonşusu tərəfindən qətiyyən sinirilmir. Kreml hansı yolla olursa-olsun Ermənistanı peşman etməyə, heç olmasa, onun bir addım geri atmasına cəhd göstərir. Lakin gözləntilər hələlik heç bir lazımi nəticəni vermir. Ermənistan öz inadını yeridir və qarşısına qoyulan tələbləri qulaqardına vurur. Bunun səbəbini də açıq deyirlər. İrəvanda 2020-ci ildən keçən altı ildə erməni cəmiyyətində II Qarabağ müharibəsindəki acı məğlubiyyətin günahkarı Rusiyadır.

“Mərkəz”dən uzaqlaşma məsələsi vaxt keçdikcə ardıcıl xarakter alıb, daha da dərinləşib və geridönməz vəziyyətə çevrilib. Artıq Qərb də, Avropa da, ABŞ-da Ermənistandadırlar. Ukrayna ilə müharibədə ilişib qalmış Rusiya hərbi yola əl atmayacağını bildiyi üçün Ermənistanı iqtisadi çətinliklərlə boğmaq və özünə tabe  etmək üçün ticari-iqtisadi problemlərlə təsir etməyə üstünlük verir. Əvvəlki illərdə blokadada qalan Ermənistan yeganə çıxış olan hərbi Gürcüstan yolu ilə öz məhsullarını Rusiya bazarlarına yük avtomobilləri ilə daşıyırdı. Rusiya müxtəlif bəhanələrlə yolu günlərlə bağlayır, bazarlıq məhsul xarab olandan sonra yolu açırdı. Gah Cermux suyunda hansısa komponentlərin çatışmazlığını, gah mevvə qurularının standartlara cavab vermədiyini, gah da İrəvan konyakının saxtalığını bəhanə gətirən Rusiya ekspertləri Ermənistanın bu və digər eksport mallarını bazarlara buraxmırlar. Ancaq göründüyü kimi, bu cür iqtisadi təsirlər Ermənistana kar etməz. Əgər həmin malları Rusiya almasa, başqa ölkələrin bazarlarına aparılacaq və alıcı tapılacaq. Qısaca desək, Ermənistanın partnyorları ona bütün məsələlərin həllində kömək və yardımlar edəcəklər. O ki, qaldı Rusiya KİV-ində Ermənistana qarşı düşmənçilik təbliğatına, bu, arxadan atılan daşa oxşayır. Artıq Ermənistanın qatarı Rusiya üçün getmək üzrədir. Kimlərin nə danışmasından və deyinməsindən asılı olmayaraq.  

Vəli İlyasov, “İki sahil”