11 iyul 2026 00:38
93

Fransa dünyanın ən təhlükəsiz ölkələri reytinqində 99-cu yerə geriləyib

İqtisadiyyat və Sülh İnstitutunun (Institute for Economics & Peace – IEP) dərc etdiyi “2026 Global Peace Index” hesabatında Fransa 163 ölkə arasında 99-cu yerdə qərarlaşıb. Beləliklə, ölkə ötən illə müqayisədə 25 pillə geriləyərək 74-cü yerdən 99-cu yerə düşüb.

“İki sahil” xəbər verir ki, hesabatda ölkələr sülh və təhlükəsizlik səviyyəsi 23 göstərici əsasında qiymətləndirilib. Bu göstəricilər sırasında cinayətkarlıq, daxili zorakılıq, siyasi sabitlik, hərbiləşmə səviyyəsi və xarici hərbi əməliyyatlarda iştirak kimi meyarlar yer alır.

Hesabata əsasən, Fransa hazırda reytinqdə Tanzaniya ilə Qabon arasında qərarlaşıb. Ölkənin mövqeyinin zəifləməsi sosial gərginlik, cinayətkarlıq göstəriciləri və Fransanın xarici hərbi əməliyyatlarda iştirakı ilə əlaqələndirilir.

Fransa mətbuatı qeyd edir ki, bu nəticə ölkənin dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olması ilə müəyyən mənada ziddiyyət təşkil edir. Müşahidəçilərin fikrincə, xarici turistlərin təhlükəsizlik barədə təsəvvürü ilə “Global Peace Index”in qiymətləndirdiyi ümumi sülh göstəriciləri arasında fərq mövcuddur.

Fransa həmçinin bir sıra Avropa ölkələrindən geri qalır. Yerli KİV-in məlumatına görə, bu geriləmə son illərdə baş vermiş terror aktları, şəhər iğtişaşları və cəmiyyətdə artan siyasi qütbləşmə ilə əlaqələndirilir.

Bununla yanaşı, turistlər üçün təhlükəsizliyi qiymətləndirən digər beynəlxalq araşdırmalarda Fransa daha yüksək nəticələr göstərir. Həmin hesabatlarda ölkənin inkişaf etmiş nəqliyyat infrastrukturu, səhiyyə sistemi və turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər müsbət qiymətləndirilir.

“2026 Global Peace Index” reytinqində ilk beş yeri İslandiya, Yeni Zelandiya, İsveçrə, Sloveniya və İrlandiya tutub. İslandiya ardıcıl 19-cu dəfə dünyanın ən sülhsevər ölkəsi seçilib.

Hesabatın dərc olunması Fransada təhlükəsizlik məsələlərinin siyasi gündəmdə mühüm yer tutduğu bir dövrə təsadüf edir.