11 iyul 2026 15:40
109

Gürcüstanda ilk dəfə “Ana Südü Bankı” açılıb

Batumi İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında Gürcüstanda ilk dəfə “Ana Südü Bankı” rəsmi olaraq fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazir Mixeil Sarjveladze deyib ki, “Ana Südü Bankı”nın açılması Gürcüstanda ana və uşaq sağlamlığı xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, xüsusən də yüksəkriskli yeni doğulmuş körpələrin böyüməsi və inkişafının dəstəklənməsi baxımından mühüm addımdır. Bu proqram vaxtından əvvəl və yüksəkriskli yeni doğulmuş körpələrin sağlamlığının qorunmasında mühüm rol oynayacaq.

Bildirilib ki, proqramın əsas məqsədi təhlükəsiz müalicə şəraiti yaratmaq, tam böyümə və inkişafı dəstəkləməkdir. Bu təşəbbüs ağır infeksiyalar və inkişaf gecikmələri də daxil olmaqla, ağırlaşma riskini azaltmağa kömək edəcək.

Proqram yüksək risk qrupuna daxil olan yeni doğulmuş körpələrə fayda verəcək və onlar konkret tibbi risk faktorlarına əsasən seçiləcək. Donor südü yeni doğulmuş körpələrə xidmət göstərən tibb müəssisəsinin müraciəti əsasında vauçer sistemindən istifadə etməklə təmin olunacaq.