Almaniyada iqlim neytrallığına nail olunması üçün müəyyən edilmiş 2045-ci il hədəfinin beş il təxirə salınaraq, 2050-ci ilə keçirilməsi ilə bağlı çağırışlar səsləndirilir.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, işgüzar dairələrin, həmkarlar ittifaqlarının və siyasi nümayəndələrin fikrincə, Almaniya bu məsələdə Avropa İttifaqının 2050-ci il üzrə müəyyən etdiyi hədəfə uyğunlaşmalıdır. Onların qənaətincə, iqlim neytrallığına dair milli hədəfin Avropa İttifaqından beş il əvvəl müəyyənləşdirilməsi sənaye müəssisələri üçün əlavə iqtisadi yük yaradır, investisiyaları çətinləşdirir və ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Bildirilir ki, əsas məqsəd karbon emissiyalarını azaltmaqdır və bu proses sənayenin inkişaf imkanlarını məhdudlaşdırmamalıdır.
Bununla yanaşı, Almaniyada hakim Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) və Sosial Demokratlar Partiyasından (SPD) partiyalarının koalisiya razılaşmasında 2045-ci ilədək iqlim neytrallığına nail olunması hədəfi qüvvədə qalır. Mövcud plana əsasən, ölkədə istixana qazı emissiyaları 2030-cu ilədək 1990-cı ilin səviyyəsi ilə müqayisədə 65 faiz, 2040-cı ilədək isə ən azı 88 faiz azaldılmalıdır. Ötən il bu göstərici 1990-cı illə müqayisədə 48 faiz təşkil edib.