13 iyul 2026 10:45
82

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Türkiyə–Azərbaycan qardaşlığının dünyada analoqu olmadığını bir daha təsdiqlədi - Nadir Azəri

"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə və Azərbaycanın dünyanın ən yaxın iki dövləti olması ilə bağlı səsləndirdiyi fikirlər təkcə mövcud reallığın ifadəsi deyil, həm də regionun gələcəyini müəyyən edən strateji baxışın növbəti təsdiqidir. Bu fikirlər Türkiyə–Azərbaycan qardaşlığının dünyada analoqu olmadığını bir daha təsdiqlədi”. 

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

O, bildirib ki, bu gün Azərbaycan və Türkiyə münasibətləri adi dövlətlərarası əməkdaşlıq çərçivəsini çoxdan aşaraq ortaq tarixə, ortaq milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və ortaq gələcək hədəflərinə söykənən unikal müttəfiqlik modelinə çevrilib.
Əməkdar jurnalist deyib ki, “Bir millət, iki dövlət” fəlsəfəsi artıq təkcə siyasi şüar deyil, bütün istiqamətlər üzrə özünü doğruldan real dövlət siyasətidir: “Müdafiə və təhlükəsizlikdən enerji layihələrinə, nəqliyyat-kommunikasiya xətlərindən iqtisadi əməkdaşlığa, humanitar və mədəni əlaqələrdən beynəlxalq platformalarda qarşılıqlı dəstəyə qədər bütün sahələrdə nümayiş etdirilən həmrəylik Azərbaycan–Türkiyə qardaşlığının nə qədər möhkəm təməllər üzərində qurulduğunu göstərir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstək, eyni zamanda Azərbaycanın da bütün məsələlərdə qardaş Türkiyənin yanında olması bu münasibətlərin sarsılmaz xarakter daşıdığını bütün dünyaya nümayiş etdirdi. Bu birlik artıq təkcə iki dövlətin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasını sürətləndirən əsas hərəkətverici qüvvələrdən birinə çevrilib”.

Nadir Azəri bildirib ki, bu il imzalanmasının beşinci ildönümü qeyd olunan Şuşa Bəyannaməsi Türkiyə–Azərbaycan qardaşlığının dünya üçün nümunə olan strateji müttəfiqlik modelinin ən mühüm hüquqi və siyasi təcəssümüdür. 

"Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsini yeni mərhələyə daşıyaraq Türkiyə ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd iki qardaş ölkənin təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və xarici siyasət sahələrində ortaq fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdi. Bu gün Türkiyə–Azərbaycan münasibətləri təkcə ikitərəfli əməkdaşlığın deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın ən uğurlu modeli kimi çıxış edir və Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də nümunə rolunu oynayır. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin yaratdığı siyasi dinamika Türk dünyasında inteqrasiya proseslərini də sürətləndirdi. Təsadüfi deyil ki, Şuşa Bəyannaməsinin imzalanmasından qısa müddət sonra Türk Şurası yeni inkişaf mərhələsinə qədəm qoyaraq Türk Dövlətləri Təşkilatına çevrildi. Bu transformasiyada həm Şuşa Bəyannaməsinin strateji ruhu, həm də Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaratdığı yeni geosiyasi reallıq mühüm rol oynadı. Məhz bu reallıq Türk dünyasının həmrəyliyini gücləndirdi, təşkilatın institusional inkişafına yeni təkan verdi və üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşməsinə əlverişli zəmin yaratdı.", - deyə o, əlavə edib.

Nadir Azəri daha sonra aşağıdakıları qeyd edib: “Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada bir-birinə bu qədər yaxın, bir-birini bu qədər dəstəkləyən başqa iki dövlət tapmaq çətindir. Bu, təsadüfi deyil. Çünki Azərbaycan və Türkiyə münasibətlərinin əsasında yalnız siyasi maraqlar deyil, ortaq milli kimlik, dil, mədəniyyət, tarixi yaddaş və qardaşlıq dayanır. Məhz buna görə də bu model beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaşlığın ən uğurlu nümunələrindən biri hesab oluna bilər. Bu gün Bakı ilə Ankara arasında formalaşan siyasi iradə Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, Orta Dəhlizin inkişafına, regional sabitliyin möhkəmlənməsinə və Türk dünyasının qlobal geosiyasi çəkisinin artmasına mühüm töhfə verir. Əminliklə demək olar ki, Azərbaycan–Türkiyə qardaşlığı gələcək illərdə də bölgədə sülhün, təhlükəsizliyin, inkişafın və Türk dünyasının daha sıx inteqrasiyasının əsas təminatçılarından biri olaraq qalacaq."