907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi. Bu, 1992-ci ildə baş verdi. Bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib. Prezident həmçinin vurğulayıb ki, 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü: “Yeri gəlmişkən, Prezident Bayden onlardan biridir, o, həmin vaxt senator idi”.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Bayden Prezident olanda da ermənipərəst siyasətini davam etdirib. Nəticədə ölkəmizə qarşı tətbiq edilən qeyri-konstruktiv yanaşmalar iki dövlət arasında münasibətlərdə müəyyən soyuqluq yaradıb. Lakin Prezident Donald Tramp yenidən Prezident seçiləndən sonra reallıqlara əsaslanan yanaşma sərgilənib, nəticədə iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Hətta ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri çərçivəsində ABŞ ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya da imzalanıb.
Prezidentin sözləri ilə desək, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb: “…münasibətlərimiz hazırda pik səviyyəsindədir. Biz heç vaxt belə münasibətlərə nail olmamışdıq”. Hətta 2025-ci ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sənəd də imzalayıb. Şübhəsiz, 907-ci düzəlişin müvəqqəti dayandırılması ABŞ-ın Azərbaycanın Cənubi Qafqazda yaratdığı regional reallıqları qəbul etdiyini göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib.
Donaldın fəaliyyətini yüksək dəyərlədirən Prezident deyib ki, onun gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var. Məhz iki ölkə liderləri Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladıqdan sonra Azərbaycan Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırıb. Bugünkü regional və qlobal geosiyasi reallıqlar isə bu ədalətsiz qərarın ləğvini zərurət halına gətirib: “Bütün bunlar onu göstərir ki, düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir”.
Bəli, dövlətimizin başçısının söylədiklərindən belə qənaətə gəlmək olar ki, iki ölkə arasındakı münasibətlər, həmçinin mövcud regional reallıqlar bu ədalətsiz düzəlişin birdəfəlik aradan qaldırılmasını qaçılmaz edib. Şübhəsiz, "Azadlığı Müdafiə Aktına 907-ci düzəliş"in birdəfəlik ləğvi Azərbaycanla ABŞ münasibətlərinə yeni çalarlar əlavə edə bilər.
Bir məsələni də vurğulayaq ki, Floarida ştatından olan respublikaçı Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib. Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif də əlavə olunub. Bu həmmüəllif Abraham Hamade Nümayəndələr Palatasının Çikaqo üzrə üzvüdür və Respublikaçılar Partiyasını təmsil edir.
Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya işğalçı ölkəyə "blokada" tətbiq etməsini “əsas” göstərərək 907-ni qəbul etmişdir. Halbuki bu düzəlişi hazırlayan şəxslərin o zaman bölgədə baş verən olaylardan xəbərləri belə olmamışdır. Onlar bunu sadəcə erməni diasporunun təsiri altında qəbul etmişdilər. Halbuki o zaman Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağ ərazisindən yüz minlərlə azərbaycanlı vəhşicəsinə qovulmuş və ölkəmiz böyük bir qaçqın və məcburi köçkün axını ilə üzbəüz qalmışdı.
Qvami Məhəbbətoğlu, “İki sahil”
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın informasiya diplomatiyasının yeni mərhələsi
Prezident İlham Əliyev Azərbaycanın qlobal mövqeyini bir daha ortaya qoydu - Şuşadan dünyaya mesajlar