Moskva rəsmi Ankara tərəfindən "Mavi Axın" qaz kəmərinin infrastrukturuna yönəlmiş mütəmadi terror hücumlarına görə Kiyevə sərt və kəskin etiraz siqnalının göndərilməsini gözləyir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyanat verib.
Çad Respublikasının XİN rəhbəri Əbdülayə Sabri Fadulla keçirdiyi danışıqların yekunlarına dair təşkil olunmuş mətbuat konfransında çıxış edən Sergey Lavrov, Ukrayna rəhbərliyinin təkcə Azov dənizində deyil, həm də Qara dəniz hövzəsində həyata keçirdiyi hərbi fəaliyyətlərə diqqət çəkib.
"Dünən Türkiyə kütləvi informasiya vasitələrində Ukraynaya məxsus pilotsuz katerlər vasitəsilə Türkiyə gəmilərinə, tankerlərinə və Türkiyə yüklərini daşıyan digər mülki nəqliyyat vasitələrinə qarşı kifayət qədər güclü yeni hücumların təşkil edildiyinə dair məlumatlar yayılıb. Bu artıq ilk belə hal deyil. Digər tərəfdən, birbaşa Türkiyəyə uzanan "Mavi Axın" qaz kəmərinin infrastrukturu da müntəzəm olaraq terror hücumlarına məruz qalır", — deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri mövzu ilə bağlı türkiyəli həmkarları ilə əlaqə saxladıqlarını və onların bu hadisələrə necə reaksiya verəcəkləri ilə maraqlandıqlarını bildirib.
"Ümid edirik ki, Türkiyə tərəfi bu hadisələrə ictimai məkanda rəsmi qiymət verə biləcək, həmçinin Kiyev rejiminə sərt və kompromissiz bir siqnal ünvanlayacaq", — deyə Rusiya naziri fikrini tamamlayıb.