15 iyul 2026 08:13
120

Tramp: İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında təmasların davam etdiyini, lakin İran tərəfi danışıqlara qayıtmasa, Ağ Evin İslam Respublikasına zərbələr endirmək niyyətində olduğunu bildirib.

“İki sahil” "Fox News"a istinadla xəbər verir ki, Tramp ABŞ nümayəndələrinin iyulun 14-də İran tərəfi ilə təmasda olduğunu qeyd edib.

"Onlar sövdələşmə bağlamaq istəyirlər. Lakin hər dəfə sövdələşməni pozurlar", - Amerika lideri bildirib.

Onun sözlərinə görə, əgər Tehran danışıqları bərpa etməyə razılaşmasa, Amerika hərbçiləri İran ərazisinə zərbələr endirməyi davam etdirəcəklər, gələcəkdə isə enerji infrastrukturu, körpülər və elektrik stansiyaları da hücumlara məruz qala bilər.

Tramp həmçinin bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatın əsas məqsədlərinə, o cümlədən ölkənin hərbi potensialının zəiflədilməsinə və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə artıq nail olub.

Bununla yanaşı o, İran obyektlərinə qarşı gələcək addımları istisna etmədiyini vurğulayıb, lakin quru əməliyyatının keçirilməsi və ya Xarq adasının ələ keçirilməsi imkanını şərh etməkdən imtina edib. ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton Hörmüz boğazından yan keçməklə neft tədarükü üçün alternativ marşrutları da nəzərdən keçirir.