Hökumət 16 və 17 yaşlı yeniyetmələrin gecə saatlarında sosial media asılılığını azaltmaq üçün tövsiyə alqoritmlərini və videoların avtomatik sürüşdürülməsini məhdudlaşdırır
Böyük Britaniya hökuməti 16 və 17 yaşlı yeniyetmələr üçün sosial şəbəkələrdə xüsusi "komendant saatı" rejiminin tətbiqini rəsmən təsdiqləyib. Ölkənin Elm, İnnovasiya və Texnologiyalar Nazirliyinin yaydığı press-relizə əsasən, hər gün saat 00:00-dan 06:00-dək tətbiqlərdəki tövsiyə funksiyaları tamamilə məhdudlaşdırılacaq.
“İki sahil” "The Guardian"a istinadla xəbər verir ki, gecə saatlarında yeniyetmələr sosial şəbəkələrdən yalnız müəyyən məhdudiyyətlərlə yararlana biləcəklər. "Snapchat", "TikTok", "YouTube", "Instagram" və "X" kimi populyar platformalar istifadəçinin maraq dairəsinə uyğun olaraq lenti formalaşdıran fərdi tövsiyə alqoritmlərini söndürməli olacaqlar. Bununla yanaşı, şaquli (vertikal) videoların (məsələn, "TikTok Reels" və ya "YouTube Shorts") avtomatik ardıcıl idarəolunması (autoscroll) funksiyası da fəaliyyətini dayandıracaq.
Cari ilin yazında ölkədə bu sistem ilkin sınaq (pilot) rejimində yoxlanılıb. Eksperimentdə 13-15 yaş qrupuna daxil olan 150 yeniyetmə iştirak edib.
Elm, innovasiya və texnologiyalar naziri Liz Kendallın verdiyi məlumata görə, layihə çərçivəsində tətbiq edilən məhdudiyyətlər sayəsində yeniyetmələr yuxu rejimlərini bərpa edə biliblər, həmçinin onlarda diqqət dağınıqlığı azalıb və konsentrasiya səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib.
Sosial şəbəkələrdəki gecə "komendant saatı" yetkinlik yaşına çatmayanların internet təhlükəsizliyini təmin etmək və asılılığı azaltmaq üçün hazırlanmış geniş dövlət proqramının tərkib hissəsidir.
Sözügedən yeni qaydalar rəsmi olaraq 2027-ci ilin yazında qüvvəyə minəcək. Həmin tarixdən etibarən qüvvəyə minəcək digər qərara əsasən, 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə tam qadağa tətbiq ediləcək.