15 iyul 2026 21:02
82

"Reuters": Livan və İsrail Romada qoşunların geri çəkilməsi planı üzrə irəliləyiş əldə ediblər

Bu gün Romada ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında ikigünlük danışıqlar başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

ABŞ nümayəndəsi bildirib ki, tərəflər planın həyata keçirilməsində irəliləyiş əldə ediblər, bu plana əsasən İsrail qoşunları bir neçə gün ərzində Livanın cənubundakı "pilot zonalardan" geri çəkilməyə başlaya bilər.

Bu, martın 2-də İsrail və Livanın "Hizbullah" qruplaşması arasında münaqişənin kəskinləşməsindən sonra iki ölkə arasında danışıqların altıncı raundudur.

İyunun 26-da ABŞ-ən vasitəçiliyi ilə bağlanmış çərçivə sazişinə uyğun olaraq, Livan və İsrail silahlı qruplaşmaların tərksilah edilməsini, eləcə də İsrail qoşunlarının ölkənin cənubundan tədricən çıxarılmasını və orada Livan hökumət qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan "pilot zona" layihəsini həyata keçirmək barədə razılığa gəliblər.

Mənbə danışıqları "məhsuldar və müsbət" adlandırıb: "Biz pilot zonanın strukturunu və iş prinsiplərini razılaşdırdıq, onlar yaxın günlərdə yekun olaraq təsdiqlənəcək və həyata keçiriləcək".

Məmurun sözlərinə görə, danışıqlar çərçivə sazişini həyata keçirmək və İsrail ilə Livan arasında hərtərəfli razılaşma əldə etmək üçün texniki mərhələyə keçəcək.

Nə Livan, nə də İsrail danışıqlar gedişində əldə olunan irəliləyişi hələlik şərh etməyib.