Latviyada elektrik ötürücü xətlərinin texniki vəziyyətini yoxlamaq üçün istifadə edilən pilotsuz uçuş aparatlarına (PUA) yerli sakinlərin hücum etməsi halları kəskin şəkildə çoxalıb. İnsanlar casusluq və gizli təqib qorxusundan bu aparatlara daş və ağac parçaları atırlar.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Latviyanın elektrik şəbəkələri operatoru olan "Sadales tīkls" şirkətinin rəsmi nümayəndəsi Diana Qauçe məlumat verib.
"İnsanların reaksiyası çox fərqlidir. Bəzən qorxurlar və havada uçan bu dronun nə məqsədlə istifadə olunduğunu başa düşmürlər. Həqiqətən də ciddi münaqişəli vəziyyətlər yaranıb", — deyə Diana Qauçe bildirib.
"Sadales tīkls" şirkətindən verilən xüsusi açıqlamada vurğulanıb ki, dronlar yalnız elektrik ötürücü xətlərinin üzərində uçuşlar həyata keçirir. Şirkət rəsmiləri həmçinin qeyd ediblər ki, aparatları idarə edən operator hər zaman yaxınlıqdakı ərazidə olur və sakinlər yaxınlaşıb ondan müvafiq icazə sənədlərini göstərməyi tələb edə bilərlər. Şirkət qış fəsli başlamazdan əvvəl pilotsuz aparatlar vasitəsilə bütün Latviya üzrə təxminən 10 min kilometr uzunluğunda elektrik xəttini müayinə etməyi planlaşdırır.