16 iyul 2026 14:15
116

Fyodorov Sırskini istefaya göndərməyi təklif etdiyini təsdiqləyib

Ukrayna müdafiə nazirinin vəzifəsini icra edən Mixail Fyodorov, Prezident Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini və Baş Qərargah rəisi Andrey Qnatovu istefaya göndərməyi təklif etdiyini rəsmən təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Ukrainska Pravda" məlumat yayıb.

Fyodorov bu barədə keçirdiyi brifinqdə məlumat verib. Onun mətbuat konfransı Ukraynanın "Obşestvennoye. Novosti" (Suspilne) telekanalı vasitəsilə canlı yayımlanıb. Nazir postundakı fəaliyyətini şərh edən Mixail Fyodorov, ordudakı sistemli problemlərin aradan qaldırılması üçün texnoloji və idarəetmə islahatlarının vacib olduğunu, lakin hərbi rəhbərliyin buna maneçilik törətdiyini bildirib: "Həmin vaxt hansı qərarlar təklif olunmuşdu? Bunlar kardinal kadr qərarları idi. Söhbət həm baş komandanın, həm də Baş Qərargah rəisinin dəyişdirilməsindən gedirdi. Lakin Zelenski Sırskini dəyişmək planının olmadığını bildirdi".

Onun sözlərinə görə, bu təklifdən sonra baş komandan Aleksandr Sırski gələcək birgə fəaliyyətlə bağlı prezidentə faktiki olaraq "ultimatum" irəli sürüb. Mixail Fyodorov Silahlı Qüvvələrin komandanlığını islahatları bloklamaqda və şəxsi maraqları üstün tutmaqda ittiham edib. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Müdafiə Nazirliyinin təklif etdiyi mühüm rəsmi sənədləri imzalamaqdan imtina edib. Nazirliyin təklif etdiyi yeni nəsil, texnoloji kadrlar rəhbər vəzifələrə təyin olunmayıb. Hərbi bölmələr Müdafiə Nazirliyi ilə razılaşdırılmadan bir istiqamətdən digərinə köçürülüb.

"Sırski, danışdığımız bütün bu problemləri nəzərə alaraq, çətinlikləri birbaşa və açıq şəkildə gözün içinə deməyə hazır deyil. O, şəxsən görüşlərə getməyə, intriqalar qurmağa və kimlərinsə mediada ona qarşı kampaniya sifariş etdiyini düşünməyə daha çox meyillidir", — deyə Mixail Fyodorov rəqibini sərt tənqid edib.