16 iyul 2026 16:17
106

Argentina Britaniyaya etiraz edib

Argentina Xarici İşlər Nazirliyi, Böyük Britaniya Kral Hərbi Dəniz Donanmasına məxsus "HMS Medway" hərbi gəmisinin mübahisəli Malvin (Folklend) adaları akvatoriyasından keçməsinə cavab olaraq Londona rəsmi etiraz notası göndərib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Argentina tərəfinin bəyanatında qeyd olunur ki, Britaniya hakimiyyəti gəminin keçidi barədə mövcud ikitərəfli sazişlərin tələb etdiyi qaydada Buenos-Ayresi əvvəlcədən məlumatlandırmayıb.

Argentina XİN-in sosial şəbəkədəki rəsmi hesabında dərc olunan bəyanatda Londonun addımları kəskin ittiham olunub: "Argentina hökuməti Böyük Britaniyanın ölkəmizin yurisdiksiyasında olan dəniz məkanlarına bu cür qanunsuz hərbi müdaxiləsini qətiyyətlə pisləyir və bunun qəbuledilməz olduğunu bəyan edir".

Qeyd edək ki, bu strateji arxipelaq iki ölkə arasında onilliklərdir davam edən ərazi mübahisəsinin mərkəzindədir. Böyük Britaniyada bu adalar Folklend, Argentinada isə Malvin adaları adlandırılır. 1982-ci ildə iki dövlət arasında arxipelaqa nəzarət uğrunda qısamüddətli, lakin qanlı hərbi münaqişə baş verib və bu, Britaniyanın qələbəsi ilə başa çatıb.

Hazırda Böyük Britaniya adaları özünün dənizaşırı ərazisi hesab edir. Argentina isə arxipelaqı konstitusiya səviyyəsində özünün "Odlu Torpaq" (Tierra del Fuego) əyalətinin tərkib hissəsi və ayrılmaz ərazisi kimi tanıyır.

Buenos-Ayres rəsmi Londonu regional sabitliyə xələl gətirən hərbi manevrləri dayandırmağa və BMT qətnamələrinə uyğun olaraq adaların suverenliyinə dair birbaşa danışıqlara başlamağa çağırıb.