16 iyul 2026 16:40
103

Aİ-nin rəqəmsal sərhəd-keçid sistemində ciddi proqram qüsuru aşkarlanıb

Avropa İttifaqının (Aİ) yenicə istifadəyə verdiyi rəqəmsal sərhəd-keçid sistemində ("Entry-Exit System" — EES) ciddi proqram qüsuru aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, adı açıqlanmayan Böyük Britaniya vətəndaşı Rumıniyadan vətəninə qayıdarkən Britaniya sərhəd xidməti tərəfindən dindirilib.

Buna səbəb Rumıniya polisinin qadının Şengen zonasında qanunsuz qalması barədə sistemdən həyəcan siqnalı alması olub.

Sərhədçilər qadına bildiriblər ki, onun 2026-cı ilin aprelində Amsterdamdan çıxışı sistemdə lazımi qaydada qeydiyyata alınmayıb. Lakin araşdırma zamanı məlum olub ki, həmin tarixdə Amsterdamda olan şəxs jurnalist özü deyil, onun əkiz bacısı olub. "Politico" əməkdaşı bu barədə Britaniya rəsmilərinə məlumat verdikdən sonra məsələyə aydınlıq gətirmək mümkün olub.

Avropa Parlamentinə "EES" sisteminin texniki aspektləri üzrə məsləhətlər verən Lüksemburq Universitetinin Kiber-siyasət kafedrasının müdiri Niovi Vavula "Politico"ya müsahibəsində hadisənin səbəblərini şərh edib. Belə ki, Amsterdam hava limanında əkiz bacının biometrik məlumatları sistemə daxil edilərkən xəta baş verib. Rumıniya sərhəd orqanları sistemdəki xətanı dərindən yoxlamadan birbaşa "qanunsuz miqrasiya" ittihamı irəli sürüblər.

Hadisə sistemin işə düşməsindən cəmi iki gün sonra - aprelin 12-də baş verib. Ekspertin fikrincə, həmin vaxt sistem hələ tam hazır olmayıb və ya proqram təminatında nasazlıq yaranıb.

"Bu cür hallar heç də nadir deyil. Sistemə daxil edilən digər bənzər şikayətlər də göstərir ki, rəqəmsal biometrik eyniləşdirmə hələ də əkizləri fərqləndirməkdə ciddi çətinlik çəkir", — deyə Niovi Vavula vurğulayıb.

Xatırladaq ki, yeni rəqəmsal sərhəd sisteminin fəaliyyətə başladığı ilk günlərdə bəzi Avropa hava limanlarında sərhəd-keçid məntəqələrində uzun növbələr və ciddi gecikmələr qeydə alınmışdı.