11 avqust 2026 11:55
77

Avropa Parlamentində miqrant vəziyyətinə görə Mərakeşlə razılaşmaların dayandırılması təklif edilib

Avropa Parlamentində İspaniyanın ifrat sağçı "Vox" partiyasının nümayəndə heyətinin rəhbəri Xorxe Buksade hesab edir ki, Avropa İttifaqı miqrasiya sahəsində "Rabat öz öhdəliklərini yerinə yetirənədək" Mərakeşlə razılaşmaların fəaliyyətini və ölkəyə maliyyə köməyini dayandırmalıdır.

“İki sahil” xəbər verir ki, o, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib: "Biz qonşumuz Mərakeşdən beynəlxalq öhdəliklərə əməl etməyi və öz sərhədlərini qorumağı tələb edirik... Əgər Mərakeş beynəlxalq öhdəliklərini yerinə yetirməzsə, İspaniya və bütün Avropa İttifaqı müdaxilə etməli olacaq".

"Biz Mərakeş məhsullarının Avropa İttifaqına rüsumsuz və çox əlverişli şərtlərlə idxal edildiyi güzəştli ticarət sazişinin dayandırılmasını tələb etdik. Bundan əlavə, Mərakeş hər il Avropa İnvestisiya Bankından və Avropa Komissiyasından milyardlar alır", — deyə avrodeputat davam edib.

"Əgər onlar yaxşı tərəfdaş və qonşu kimi rəftar etməsələr, biz sazişlərin fəaliyyətini dayandırmalı və bütün zəruri diplomatik addımları atmalı olacağıq"- deyə, o, qeyd edib.