11 avqust 2026 12:01
95

Polşada işsiz ukraynalıların cəbhəyə göndərilməsi təklif edilib

Polşa Seyminin müxalif sağçı "Hüquq və Ədalət" (PiS) partiyasından olan deputatı Andjei Slivka ölkədə olan hərbi çağırış yaşındakı (25-60 yaş) işsiz Ukrayna vətəndaşlarından cəbhəyə göndərilmək üçün briqada və ya diviziya formalaşdırmağı təklif edib.

“İki sahil” xəbər verir ki,  deputat "Polsat" telekanalının efirində bildirib ki, hətta onların payı (Polşada olan ukraynalıların ümumi sayından) cəmi 5% təşkil etsə belə, bu, ən azı bir briqada, hətta bir diviziyadır".

O əlavə edib ki, Ukraynada ciddi əsgər qıtlığı var.

Onun fikrincə, Polşadakı işsiz ukraynalıların aşkar edilməsi və saxlanılması ilə müvafiq Polşa xidmətləri məşğul olmalıdır. Slivka hesab edir ki, çağırış yaşındakı işsiz ukraynalıların Polşadan çıxarılması işləməyən əcnəbilərdən ibarət dəstələr probleminin həllinə kömək edəcək.

Buna qədər PiS partiyasının sədr müavini Tobias Bochenski xəbərdarlıq etmişdi ki, 2027-ci ildə keçiriləcək parlament seçkilərində qələbə qazanacağı təqdirdə, PiS hərbi xidmətə yararlı olan işsiz ukraynalı kişiləri ölkədən deportasiya etmək niyyətindədir.