14 avqust 2026 12:33
110

Qarabağ Universitetində tədqiqat yönümlü inkişaf: “Scopus” nəşrlərinin sayı 62-yə çatıb

Rektor Şahin Bayramov: İstəyirik ki, universitetdə yaranan hər bir ideya real məhsul və ya xidmətə çevrilə bilsin

Qarabağ Universitetinin uzunmüddətli hədəflərindən biri tədqiqat universitetinin formalaşdırılmasıdır.

Universitetin rektoru Şahin Bayramov “İki sahil”ə müsahibəsində bildirib ki, bu istiqamətdə fəaliyyətin ilk illərindən etibarən akademik heyətin elmi araşdırmalara cəlb olunması, gənc tədqiqatçıların yetişdirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən olub.

Rektor qeyd edib ki, həyata keçirilən sistemli tədbirlər artıq universitetin elmi nəşrlərində də öz nəticəsini göstərir. Belə ki, “Scopus” bazasında indekslənən nəşrlərin sayı 2024-cü ildə 6, 2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olub. Bununla da Qarabağ Universitetinin fəaliyyət göstərdiyi iki akademik il ərzində “Scopus” bazasında indekslənən məqalələrinin ümumi sayı 62-yə çatıb.

Şahin Bayramov vurğulayıb ki, universitet əməkdaşlarının tədqiqatları “Scientific Reports”, “Journal of Environmental Management”, “IEEE Access”, “ACS Omega”, “RSC Advances” və digər nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Bununla yanaşı, onun sözlərinə görə, universitet üçün əsas göstərici yalnız elmi nəşrlərin sayının artırılması deyil. Əsas məqsəd əldə olunan elmi nəticələrin real problemlərin həllinə, tətbiqi layihələrə və innovativ məhsullara çevrilməsidir.

Rektor bildirib ki, bu məqsədlə universitet–sənaye əməkdaşlığının inkişafına xüsusi önəm verilir. SOCAR ilə əməkdaşlıqla yanaşı, Azərbaycan Beynəlxalq Bankı, Dövlət Vergi Xidməti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Dövlət Neft Fondu və Bakı Fond Birjası kimi qurumlarla qurulan əməkdaşlıqlar tələbə və akademik heyətin real sektorla əlaqələrinin gücləndirilməsinə imkan yaradır.

Şahin Bayramov əlavə edib ki, növbəti mərhələdə bu əməkdaşlıqların daha çox birgə tədqiqatlar, tətbiqi layihələr, startaplar və innovasiya təşəbbüsləri istiqamətində inkişaf etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, universitetdə formalaşan elmi və yaradıcı potensialın praktik nəticəyə çevrilməsi əsas prioritetlərdən biridir.

“İstəyirik ki, universitetdə yaranan hər bir ideya, əldə edilən hər bir tədqiqat nəticəsi auditoriyada qalmasın, real məhsul və ya xidmətə çevrilə bilsin”, – deyə rektor vurğulayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”