15 avqust 2026 17:41
75

İranın üç pilotunun Qətər tərəfindən altı aydır saxlanıldığı bildirilib

İranın üç hərbi pilotunun Qətər qüvvələri tərəfindən sağ ələ keçirildiyi və təxminən altı aydır saxlanıldığı bildirilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin komandiri, general Seyid Məhəmməd Baqerzadeyə istinadən məlumat yayıb.

Baqerzadənin sözlərinə görə, üç iranlı pilot mart ayında baş vermiş hücumlar zamanı Su-24 qırıcı təyyarələrinin qəzaya uğramasından sonra Qətər qüvvələri tərəfindən sağ ələ keçirilib.

Məlumata görə, pilotlar Cavad Salehi, Əbdülməcid Dəştiyan və Omran Behraveşiyandır.

Baqerzadeh bildirib ki, pilotların əsir götürülməsindən təxminən altı ay keçməsinə baxmayaraq, Qətər hökuməti onların ailələri və taleyinin araşdırılması ilə məşğul olan iranlı rəsmilərlə əlaqə saxlamasına icazə verməyib.

O, Qətər hökumətinin beynəlxalq hüquq və qaydalara, o cümlədən hərbi əsirlərin hüquqlarının qorunmasına dair dörd Cenevrə Konvensiyasına zidd olaraq, indiyədək həmin əsirlərin hüquqlarına riayət etmədiyini iddia edib.

Baqerzadeh əlavə edib ki, diplomatik səylərə və aparılan müvafiq təşəbbüslərə baxmayaraq, pilotların ailələri və onların taleyini araşdıran rəsmilərlə görüşməsinə, müsahibə verməsinə və əlaqə saxlamasına indiyədək icazə verilməyib.