Bu mənim qənaətimdir- həkimi Tanrının yerdəki Rəsulu da hesab etmək olar. Təbii ki, burada söhbət təcrübəli, yüksək elmli və insansevər həkimdən gedir. Eyni zamanda, bu bir həqiqətdir ki, əsl həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi, tükənməsi də zaman məsələsidir.
Mən bir həkim dostum-Elçin İbrahimov haqqında yazmaq istəyəndə həm əvvəldə yazıdıqlarım, həm də bu sətirlərdən sonra yazacağüm fikirlər düşüncəmə hakim kəsildilər. Bəli, əslində bu gün Elçin həkimin nə ad günü deyil, nədəki həyatında özəl bir an deyil. Amma onun həqqında yazmaq istədim. Məncə birisinin haqqında yazmaq üçün ad günlərini, yubileyləri gözləmək şablonçuluqdur. Hətta deyərdim ki, bir az qeyri- səmimilikdir.

Elçin İbrahimov Azər oğlu 03.12.1970-ci il tarixində Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 1995-1996-cı illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib. 29 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun imzaladığı əmrə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib. Təyinatına qədər tibb müəssisəsində müxtəlif vəzifələrdə (həkim-neyrocərrah, qəbul-diaqnostika şöbəsinin müdiri) çalışıb. Fəqərəarası disk yırtıqları, spondilolistez, spinal stenoz, osteoparoz, bel-boyun ağrıları, fəqərə sütunu travmaları, spinal şişlər, mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müalicəsi ilə məşğuldur.
Bu gün də Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimidir. Amma özünü baş həkim kimi deyil, xalq həkimi kimi aparır. Sadə, təmtəraqsız bir otağı var. Otağıının qarşısı həmişə pasiyentləri ilə dolu olur. Ona görə yox ki, baş həkimdir, ona görə ki, insanlar onun elminə, təcrübəsinə və ən nəhayət insansevərliyinə inanıb ona ümid yeri kimi baxırlar. Qəbuluna gələn qazilərin, şəhid ailələrinin ayağına qədər gedir, ağsaqqaların və abirçək nənələrin qayğısını əskik etmir.
Ən başlıcası Elçin həkimin müalicəsinin çox böyük effekti olur. Özümün və ailə üzvlərimin, dostlarımın müalicəsini aparan Elçin həkim ağrılardan əziyyət çəkən bizləri qısa müddətdə sağlam və gümrah həyatımıza qaytardı. Ona görə ki, o, tibb elmində uğurlu axtarışlarını davamlı olaraq genişləndirir. Məhz bu səbədəndir ki, Elçin həkim bu sahənin geridəqalanlarından deyil, inkişafı ilə ayaqlaşanlarından oldu.
Elçin həkimin yazdığı reseptlərdə acı dərmanlardan çox, sevgi var. Bəli, məhz bu bir peşəkar həkim metodudur. O yaxşı anlayır ki, xəstələrin ən böyük şəfası həkim sevgisindədir. Ona görə də keçmişdə bir loğmana sormuşlar: «Xəstələrimizə nə yedirək ki, tez sağılsınlar.» Loğman cavab vermişdir ki, acı söz yedirməyin, qalan nə yedirsəniz olar.»
Elçin Zaman, "İki sahil"