19 avqust 2026 12:03
98

Pakistan hökuməti Xanın həbsxanadan xəstəxanaya köçürülməsi qərarından şikayət edəcək

Pakistan hökuməti Ali Məhkəmənin keçmiş baş nazir İmran Xanın səhhəti ilə bağlı həbsxanadan xəstəxanaya köçürülməsi barədə çıxardığı qərara etiraz etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə ölkənin ədliyyə və qanunvericilik naziri Əzəm Nəzir Tarar bəyan edib.

"Bu qərar hüquqi normalara uyğun gəlmir", - deyə "Reuters" agentliyi nazirin sözlərini sitat gətirir. Onun sözlərinə görə, hökumət məhkəməyə müraciət edərək qərarın yenidən baxılmasını və dəyişdirilməsini xahiş edəcək. Nazir qeyd edib ki, qanuna əsasən, məhkum olunmuş şəxs ya həbsxanada, ya da dövlət xəstəxanasında müalicə almalıdır və bu qərarın Pakistanın bütün penitensiar sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Ali Məhkəmə korrupsiya ittihamı ilə cəza çəkən Xanın səhhətinə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul etmişdi. Siyasətçinin növbəti məhkəmə baxışına qədər tibbi müayinə və müalicə üçün "Şifa" xəstəxanasına göndərilməsi nəzərdə tutulurdu. Məhkəmə həmçinin hakimiyyət orqanlarına keçmiş baş nazirin tam tibbi kartını təqdim etməyi həvalə etmiş və müxalif "Ədalət Hərəkatı" partiyasından liderlərinin səhhəti məsələsini siyasiləşdirməməyi xahiş etmişdi.

Xanın partiyası məhkəmənin qərarını alqışlamış və onun dərhal icra olunmasını tələb etmişdi. Sabiq baş nazirin tərəfdarları və ailəsi bundan əvvəl dəfələrlə onun səhhətindən, xüsusilə də görmə qabiliyyətinin zəifləməsindən narahatlıqlarını ifadə etmişdilər.

İmran Xan 2018–2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə elan olunan etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən etibarən siyasətçi korrupsiya ittihamı ilə 14 illik həbs cəzasını çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla yeddi il azadlıqdan məhrum edilib.