19 avqust 2026 23:35
128

Aİ ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

Avropa İttifaqı (Aİ) ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akaneyə və baş məhkəmə vəkili Abdulaye Seyeyə qarşı tətbiq etdiyi yeni sanksiya qərarına sərt reaksiya verib.

“İki sahil” xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen X platformasında birgə bəyanat yayaraq, sanksiya qərarını qınayıblar. Aİ liderlərinin bəyanatında vurgulanıb ki, BCM dünyada törədilən ən dəhşətli cinayətlərin qurbanlarına ədalətin çatdırılmasında mühüm rol oynayır. “Bu həyati vacib işi yerinə yetirmək üçün Məhkəmənin hakimləri və rəsmiləri xarici təzyiqlərdən uzaq, tam müstəqil şəkildə fəaliyyət göstərməlidirlər”, - deyə bəyanatda qeyd olunub.

Aİ-nin ali nümayəndəsinin də bəyanatında sanksiya qərarının təəssüf doğurduğu vurğulanıb. Bəyanatda məhkəmənin beynəlxalq cinayət mühakiməsi sisteminin və cəzasızlığa qarşı qlobal mübarizənin əsas dayaqlarından biri olduğu ifadə edilib. Bildirilib ki, BCM beynəlxalq ictimaiyyət üçün ən ciddi narahatlıq doğuran cinayətlərə görə məsuliyyətin təmin edilməsində mühüm rol oynayır. Məhkəmənin müstəqilliyi, qərəzsizliyi və öz mandatını həyata keçirmək imkanları təzyiq, hədə-qorxu və müdaxilədən azad olmalıdır.

Bundan başqa, ABŞ-nin sanksiyalarının məhkəmənin fəaliyyətinə zərər vurduğu qeyd olunub. Aİ-nin BCM-ni və onun əməkdaşlarını xarici təzyiq və təhdidlərdən qorumaq üçün tam dəstəyini davam etdirəcəyini, həmçinin Roma Statutuna və məhkəmənin müstəqilliyinin qorunmasına sadiq qaldığı vurğulanıb.