20 avqust 2026 14:02
122

Tayvan müdafiə sahəsinə rekord məbləğdə vəsait ayırıb

Tayvan hökuməti 2027-ci il üçün büdcə layihəsini təsdiqləyib. Sənəddə müdafiə xərcləri 1,1225 trilyon Tayvan dolları (təxminən 35,3 milyard dollar) həcmində nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə "Focus Taiwan" nəşri məlumat yayıb.

Müdafiə xərcləri adanın ÜDM-nin 3,01%-ni təşkil edəcək. Tayvan Prezidenti Lay Çingde bu göstəricini 3%-dən yuxarı saxlamaq, 2030-cu ilə qədər isə tədricən 5%-ə çatdırmaq tapşırığı qoyub.

"Prezident Lay Çingde Tayvanın müdafiə büdcəsini ÜDM-in 3%-dən yuxarı səviyyədə saxlamaq və 2030-cu ilə qədər onun payını tədricən 5%-ə çatdırmaq məqsədini qarşıya qoyub", — deyə materalda bildirilir.

Bu qərar Çin hərbi gəmiləri və təyyarələrinin Tayvan yaxınlığındakı müntəzəm aktivliyi, habelə Pekinin ada ətrafında keçirdiyi genişmiqyaslı təlimlər fonunda qəbul edilir.

Ümumi məbləğdən 691,9 milyard Tayvan dolları Milli Müdafiə Nazirliyi üçün nəzərdə tutulub, daha 218,2 milyard Tayvan dolları isə xüsusi büdcələrdə əks olunub. Hesablamalara hərbi pensiyalar və sahil mühafizəsinin maliyyələşdirilməsi də daxil edilib.

Tayvanın 2027-ci il üçün ümumi büdcə layihəsi 3,9266 trilyon Tayvan dolları təşkil edir. Sənədin avqustun sonuna qədər baxılması üçün Qanunverici Yuana göndərilməsi planlaşdırılır.